Hazırkı Amerika administrasiyası İrana əsas strateji düşmən kimi baxır.
APA xəbər verir ki, bu barədə Prezident Co Baydenn tərəfindən ABŞ dövlət katibinin birinci müavini vəzifəsinə namizədliyi irəli sürülən Kurt Kempbell deyib.
O bildirib ki, Tehranın addımlarına qarşı çıxmaq və ona hərbi siqnal göndərmək lazımdır.
"İndi elə bir vəziyyətdəyik ki, İran bizim maraqlarımıza zidd rol oynayır. Biz daha da ayıq olmalıyıq. Onların təxribatlarına cavab veriləcəyinə və ciddi şəkildə cavablandırılacağına dair hərbi siqnal göndərməliyik. Biz bunu etməliyik. Onları beynəlxalq miqyasda diplomatik olaraq təcrid etməliyik”, - deyə Kempbell ABŞ Senatının Xarici Əlaqələr Komitəsində onun namizədliyinə baxılması üçün dinləmələr zamanı deyib.
Ən son Ağ Evin Milli Təhlükəsizlik Şurasında Hind və Sakit Okean məsələləri üzrə koordinator vəzifəsində çalışmış Kempbell, "Mən yəqin ki, hər səviyyədə İranın bizim strateji düşmənimiz olduğunu düşünürəm", - deyə açıqlama verib.
Bundan əlavə, diplomat təsdiqləyib ki, ABŞ hökuməti hazırda İranla Birgə Hərtərəfli Fəaliyyət Planının mümkün bərpası məsələsini qaldırmağa hazır deyil.