EN

"Kim deyirsə ki, müdafiə futbolu oynayırıq, gəlsin müzakirə edək" - Sadıqov

Azərbaycan Premyer Liqasının XVII turunun "Turan Tovuz" - "Zirə" oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi...

- Gərgin oyunun şahidi olduq. Meydanda əzmkar futbol var idi. Qola qədər daha çox taktiki savaş gedirdi. Əks-hücumda qol buraxdıq. Bundan sonra üstünlük bizə keçdi. Qol şanslarımızdan istifadə edə bilmədik. "Turan Tovuz"la səfərdə oynamaq asan deyil. Oyun heç-heçə ola bilərdi. Qol vuran qazanacaqdı və rəqib uğurlu oldu. Növbəti oyunlara hazırlaşacağıq.

- Bir neçə gün sonra "Turan Tovuz"la kubok oyunu var. Komandanı toparlamaq çətin olmayacaq?
- Qısamüddətli oynamaq heç bir komandaya xoş deyil. Çətin rəqib bizə düşüb. Vaxtımız azdır. Rəqibin əhval-ruhiyyəsi daha yüksək olacaq. Kubok bizim üçün vacibdir. Meydan amili üstünlüyünü deməzdim. "Turan Tovuz" bu mövsüm səfər oyunlarını yaxşı keçirir. Kubok bu oyunun davamı olacaq. Çalışacağıq ki, sevinən tərəf biz olaq.

- Kamal Bayramovla Qismət Alıyev arasındakı mübahisə haqda nə deyə bilərsiz?
- Hər ikisini qınayıram. Futboldur, belə şeylər olur. Amma azərbaycanlı və kapitandırlar.  Bunu nəzərə almalı idilər. Amma əsas odur ki, həll olundu.

- Cəza olacaq?
- Xeyr. Cəza üçün nəsə səbəb yoxdur. 

- Kulaçın az şans qazanması nə ilə bağlıdır?
- Həftəiçi planımızda əsas heyətdə idi. Məşqlərdən birində ağrı hiss etdi və iki gün dincəldi. Yalnız dünən bir az məşq etmişdi.

- Transfer planlarınız nədir?
- Çalışacağıq ki, güclənək. Nə dərəcə alınacağının görəcəyik.

- Hücum xəttinə kimisə gətirəcəksiz?
- Mütləq oyunçu almalıyıq. İkinci, üçüncü hücumçu yoxdur.

- Müdafiə futbolu oynatdığınızı deyirlər. Bununla razısınızmı?
- Oynatdığım futbol hansıdır? Müdafiə futbolu oynatmıram. "Sabah"a, "Qarabağ"a qarşı ola bilər, amma digər komandalara qarşı belə etməmişəm. Kimsə kənardan müdafiə futbolu görürsə, gəlsin, oturaq müzakirələr aparaq. Dərin təhlillər lazımdır. "Qarabağ"la oyunda müdafiə futbolu ola bilər. Bu, başqa məsələdir, istəsən də "Qarabağ" sənə imkan vermir. Ötürmələrdə səhvlik varsaa, o demək deyil ki, müdafiə futboludur.

- Ötən mövsümün ən yaxşılarından biri Fuad Bayramov bu il ehtiyatda qalır. Səbəb nədir?
- Rəqabətdir. Həmin mövqedə Məqsəd İsayev oynayır və yaxşı mövsüm keçirib. Məqsəd, Qismət və Fuadı cinahda rotasiyalar üçün düşünürdük. Son turlarda Fuad az oynayır.Düzdür, çox şans vermək istəyirəm, amma hələ imkan tapa bilmirəm.

- Kamal ilə Qismət arasındakı mübahisənin detalları nədir?
- Kamalla oyunçu vaxtlarımdan münasibətlərimiz var. Hansısa problem yoxdur.

- Belə şeylər növbəti oyunda gərginlik yaratmayacaq?
- Futboldur, 4 oyundur qələbə qazanmırıq. Bu gün məğlubiyyətə layiq deyildik. "Neftçi" ilə oyunda da yaxşı oynamışdıq. Üzərimizdə işləyirik, danışır, təhlillər aparırıq. 4 oyundur, qol vura bilmirik. Bu problemi həll edə bilmirik.

- Rəşad Sadıqovun komandasından daha yaxşı futbol gözlənilir...
- Eyni futbolu oynayıb, qələbələr qazanım deyəcəklər əla. Bizim futbolda təhlillər düzgün aparılmır. Heç bir oyunda rəqibdən daha az top saxlamamışıq. Yaxşı olmaya bilərik, amma rəqiblər də zəif olub. Bu gün heyətimin 70-80 faizi az oynayan oyunçular olub. Elə şeylər var ki, burada danışa bilmirəm. Salif Suma bizə gələnə qədər 15 dəqiqə peşəkar futbol oynayıb. İssa Cibrilla klubundan göndərilib, İsmayıl, Rüstəm "Qarabağ"da az oynayıb. Kulaç son illərdə az şans qazanıb. Düzdür, 3-4 futbolçumuz var ki, stabil oynayıb. Seleksiya işləri görür, komanda formalaşdırırıq. Baxımlı futbol oynamağa çalışırıq. Təsadüfi olar ki, biz bəxtlə qol vuraq. Ya uzaqdan vurulsun, ya avtoqol, ya nəsə. Bizdə belə şeylərin olduğunu xatılamıram. Çoxlu qol imkanları yaradırıq, amma dəyərləndirə bilmirik. Vurmadıqca, inamsızlıq yaranır. Uzun mövzudur. Kim deyirsə ki, müdafiə futbolu oynayırıq, gəlsin müzakirə edək. Bizim fəlsəfəmiz topu hara gəldi vurmaq deyil. Kombinasiyalı futbol oynamaq istəyirik. "Sabah"ı məğlub etdiyimiz vaxtlar olub, ancaq qələbə qazanmamışıq. Oyunla nəticəmiz arasında disbalans var. Bu gün "Turan Tovuz" uzaqdan zərbə vurdu və qələbə qazandı.

- Özünüz də müdafiəçi olmusuz. Çantakias və Renatodan razısınızmı?
- Bəli, "Zirə" səviyyəsində razıyam.

- Nəticəyə hesablanmış futbol oynayırsız. Niyə narahat olursunuz?
- Razı deyiləm. Rəqib müdafiəçilər mənim hücumçularımdan çox qol vurursa, buna nə edə bilərəm? Özüm çıxıb qol vura bilmərəm. Oturaq hesablayaq, görək bizimlə oyunlarda kimlər daha çox qol imkanı yaradıb? Mənim oynatdığım futbola müdafiə futbolu deyilirsə, artıq şərh vermək istəmirəm. "Qarabağ" və "Sabah"la oyunu çıxmaqla qalan heç bir komanda ilə arxadan oynamamışam. Kim istəyir, təhlillər aparaq. Kimlər nəsə deyir, bilmirəm. Mən nəsə danışanda artıq rəsmi açıqlama olur. 17 oyunun 11-12-də hücum futbolu oynamışıq. Qol epizodları da, topa sahibolma da bizdən yana olub. 3-4 oyunda müdafiədən oynamışıqsa, futbolumuz müdafiə futbolu adlanırsa, şərhim yoxdur. Biz bu gün birinci yerdə olub, baxımlı futbol oynamağa hazır deyilik. Bir çox oyunlar var ki, heç kim  deyə bilməz ki biz rəqibdən geri qalmışıq. Qapıçılarımız seyv edir, müdafiəçilərimiz etibarlı oynayır. Bu, müdafiə futbolu oynadığımız demək deyil.

- Fərid Nəbiyevi bəyənirsiz?
- Yaxşı futbolçudur. Hər məşqçi onun kimi oyunçuya sahib olmaq istəyər.

- Kenni Sayef siyahınızda var?
- Xeyr, yoxdur.

- Pərviz Azadov nə üçün şans qazanmır?
- Bir ildir bizimlədir və bəlkə, azı 15 dəfə zədələnib. Tez-tez sıradan çıxır. Səbəblərini axtarırıq. Ciddi bir şey tapılmır, amma məsələ də həll olunmur. Heyf o cür istedadlı oyunçudan. Zədələnməsə, parıldayan oyunçulardan olacaq. Gənc oyunçuların perspektivinə inanıram. Keçmişdə az praktikası olan oyunçularla böyük nəticə əldə etmək olmur. Soruşsanız ki, yaydakı seleksiyanızdan razısınızmı? Cavabım yox olar. Mən də istəyərəm ki, yaxşı keçmişi olan futbolçumuz olsun. Lakin beləsini tapmaq bizim kimi komandalar üçün çətindir.

Şahin Cəfərov
Chosen
527
36
futbolpress.az

10Sources