Ötən seçkilərə nisbətən seçicilərin və seçki məntəqələrinin sayı artıb. Əvvəlki seçkilərdən fərqli olaraq ilk dəfə işğaldan azad olunmuş ərazilərdə yaradılmış seçki komissiyaları vasitəsi ilə həmin ərazilərdə məskunlaşmış vətəndaşlarımız əvvəllər olduğu kimi müvəqqəti məskunlaşdıqları ərazilərdə deyil, daimi qeydiyyatda olduqları yerlərdə səs vermək imkanı əldə ediblər. Seçici siyahılarının yenilənməsi oktyabrın 7-də ümumi sayı 125 seçki dairəsinin 6319 seçki məntəqəsi (onlardan 29-u işğaldan azad olunmuş ərazilərdə yerləşir) üzrə 6 328 476 nəfər olan siyahı ilə başa çatdırılmışdır. Ölkə üzrə qeydə alınmış seçicilərin ümumi sayından 3 faiz artıq olmamaqla, cəmi 6 524 203 (altı milyon beş yüz iyirmi dörd min iki yüz üç) ədəd seçki bülleteninin çap edilməsi ilə bağlı MSK qərar qəbul edib.MSK-nın elan etdiyi seçici siyahıları hələki, əvvəllər olduğu kimi ciddi narazılığa səbəb olmasa da, adlarını seçici siyahılarında tapmayanlarla bağlı sosial mediada bəzi məlumatlara rast gəlinirAparılan müşahidələrə görə bəzi seçki dairələrinin ərazisində yerləşən seçki məntəqələrində seçici siyahıları vurulmayıb və ya elə yerdə yerləşdirilib ki, çətinliklə görmək mümkündür. Müşahidəçilər seçici siyahısı haqda müfəssəl məlumat ala bilmirlər.Prezidentliyə namizədliyə 17 iddiaçıdan 10-nun namizədliyi qeydə alınmamış və bunlardan üçü isə bunun səbəbi kimi MSK-nın yaratdığı maneələri qeyd ediblər. Yeddi nəfərin isə namizədliyi qeydə alınıb.Ümumiyyətlə isə bir neçə nüfuzlu müxalifət partiyaları və siyasətçilər seçkilərdə iştirak etməyəcəklərini bəyan ediblər. Müşahidələrə və mediada dərc olunan fikirlərə görə növbədənkənar seçkilərin elan edilməsi onları hazırlıqsız vəziyyətdə yaxalayıb, həmçinin seçki müddətinin azaldılması qanunun imkan verdiyi üsul və vasitələrdən yararlanmaqla seçkiqabağı təşviqat aparmağa ciddi məhdudiyyət yaradıb. Hakim partiya təmsilçiləri isə seçkiləri boykot edən müxalif partiyaları elektroratlarının yetərli olmamasında, ötən dövrdə seçki hazırlığı ilə ciddi məşğul olmamaqda ittiham edir, onların prezident seçkilərində iştirakdan imtinasını da bu səbəblə bağlayır.MSK-nın qəbul etdiyi qərara əsasən bütün namizədlər üçün təşviqat dövründə pulsuz efir vaxtını əldə etmək hüququ əldə ediblər. Həmçinin namizədlərin seçicilərlə görüşü və mitinqlər üçün şəhər və kəndlərdə yerlər müəyyələşdirilib və hər kəsə bərabər imkanların yaradılması bəyan edilib. Eyni zamanda təşviqat mərhələsində ödənişli təşviqatda iştirak etmək istəyən KİV-lərin və TV kanalların qiymətləri əksər namizədlər ücün maliyyə durumları səbəbindən əlçatan olacağı sual doğurur.Seçkilərdə beynəlxalq və yerli müşahidəçilərin iştirak edəcəyi barədə məlumat verilib. Müşahidəçilərin qeydiyyatı prosesində problemlər barədə hələ məlumatlar yoxdur. Amma xaricdə yaşayan və fəaliyyət göstərən bəzi fəalların bununla bağlı yubanmalar və məhdudiyyətlərin olacağı barədə öncədən şübhələri və ciddi narazılıqları yayılır.07 fevral 2024-cü ildə keçiriləcək Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar seçkilərində “Sivil Toplum” Monitorinq Koalisiyası uzunmüddətli qaydada müşahidəçilik fəaliyyətini həyata keçirir.“Sivil Toplum” Monitorinq Koalisiyası keçiriləcək seçkilərin şəffaf, ədalətli və demokratik keçirilməsi, vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədi ilə və bu prosesdə vətəndaş cəmiyyəti institutlarının, QHT-lərin iştirakının vacibliyini nəzərə alaraq bir neçə tanınmış, bu sahə üzrə ixtisaslaşmış və təcrübəyə malik ictimai təşkilatlar – “Müstəqil Hüquq Mərkəzi” İctimai Birliyi, “Demokratik Seçki Mərkəzi” İctimai Birliyi və “Cəmiyyətin İnкişаfı Mərkəzi” İctimаi Birliyi seçkilərin monitorinqini həyata keçirmək, seçki dairələri üzrə və seçki məntəqələrində müşahidə aparmaq məqsədi ilə təsis edilib.Təsisçi təşkilatların hər biri bu sahədə geniş təcrübəyə malikdirlər və həm ölkədaxilində, həm xarici ölkələrdə seçkilərin monitorinqi prosesində iştirak ediblər. Həyata keçirilən fəaliyyətin keyfiyyətini və əhatə dairəsini artırmaq məqsədi ilə Koalisiya ölkədə fəaliyyət göstərən digər QHT-ləri (30-a yaxın), ictimai fəal insanları, müstəqil KİV nümayəndələrini cəlb edib.II. SEÇKİQABAĞI SİYASİ MÜHİTMəlum olduğu kimi nəzərdə tutulan seçkilər vaxtından əvvəl 2024-cü il fevralın 7-də, yəni onun qanunla nəzərdə tutulan müddətinin başa çatmasından təxminən 14 ay əvvəl keçiriləcək. Rəsmi açıqlamalarda növbədənkənar prezident seçkisinin keçirilməsi səbəbləri kimi suverenliyin bərpası, ilk dəfə ölkənin bütünündə seçki keçirilməsi imkanı və s.qeyd edilir.Regionda baş verən proseslər, siyasi dəyişikliklər seçkilərin vaxtının irəli çəkilməsini zəruri etdi. Seçkilərə diqqətin və marağın olduğu aydın hiss olunur və bunun səbəblərini şərti olaraq ölkədaxil və ölkəxarici olmaqla iki qrupa bölmək olar.Məlum olduğu kimi, 2020-ci sentyabrın 27-dən başlanan və 2023-cü il sentyabrın 20- də başa çatan proseslər həm ölkədaxilində, həm də regionda yeni düzən formalaşdırdı.Ölkəmizdə, həm də regionda yeni reallıqlar yarandı. Yeni yanaşmalar, yeni standartlar, tələblər irəli sürülməsi prosesinə start verildi.Seçki ərəfəsində ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) hesabatına istinadən Dövlət Departamentinin Azərbaycanı 2023-cü ildə dini etiqad azadlığı üzrə “xüsusi izləmə siyahısı”na salmaq barədə qərarı, Fransa Respublikası Senatının 2024- cü il yanvarın 17-də qəbul etdiyi qətnamə və bu kimi məsələlər Qərbin Azərbaycanla bağlı gözləntilərinin, tələblərinin yeni müstəviyə keçdiyinə dəlalət edir.Digər tərəfdən, 30 il ərzində əsas problemi Azərbaycanın ərazi bütövlüyü, işğal altında olan torpaqların azad olunması olan vətəndaşlar könüllü olaraq bəzi hüquqlarından imtina etməyə belə hazır idilər, artıq yeni şərait həmin hüquqların reallaşmasını şərtləndirir, gözləntilərin səviyyəsini artırır. Demək olar hər şey dəyişib, insanlarda inam hissi artıb, yeni münasibətlər, yeni tələblər dövrü başlanıb. Vətəndaşlar artıq daxili problemlərin həllinin diqqət mərkəzinə gətirilməsini istəyirlər.Bəzi ekspertlər bu seçkiləri islahatların, yeni dövrün başlanğıcı hesab edirlər. Bu mənada seçkilərin əhəmiyyəti daha artıqdır.Əvvəlki seçkilərdə Azərbaycanda sosial problemlər heç zaman ərazi bütövlüyü məsələsindən öndə olmayıb, Prezident olmaq istəyən namizədlərin də çıxışlarında Qarabağ, suverenlik, ərazi bütövlüyünün təmin olunması mövzuları prioritet təşkil edirdi. 2020-ci ilə qədər keçirilən seçkilərdə namizədlər çıxışlarını əsasən “Qarabağ münaqişəsi” ətrafında quraraq rəqibi hədəf alırdılar. Bu gün seçkilərdə Qarabağ mövzusu siyasi spekulyasiya aləti kimi istifadə olunmur, daha çox sosial, iqtisadi məsələlərə diqqət cəlb edilir.Seçkilər ərəfəsində Qərb institutları ilə yaxınlığı olan bəzi jurnalistlərin, ictimai-siyası fəalların həbsi qeydə alınıb, bununla bağlı beynəlxalq və yerli təşkilatların iradları səslənir. Ölkədə nüfuza malik bir neçə müxalifət partiyalarının –Müsavat, Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyası, Milli-İstiqlal Partiyası və Respublikaçı Alternativ Partiyası (REAL) seçkilərdə iştirak etməmək qərarına gəlib. Azərbaycan Xalq Cəbhəsi Partiyası isə ümumiyyətlə seçkiləri boykot etmək çağırışı edib. Seçkilərdə iştirakdan imtina səbəbi kimi ölkədə seçki kampaniyası üçün demokratik şəraitin olmaması bildirilir.Təşviqat dövründə əvvəlki seçkilərdən fərqli olaraq rəqiblərə qarşı qara piardan, söyüş-təhqirdən, böhtan xarakterli çıxışılardan istifadə olunmasa da, namizədlərin kəskin tənqidlərdən çəkinməsi və kifayət qədər fəal olmamaları da müşahidə olunur.Bütün hallarda bu gün Azərbaycan əvvəlki illərdən daha çox dünyanın, beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.III. NAMİZƏDLƏRİN İRƏLİ SÜRÜLMƏSİ VƏ QEYDİYYATIƏslində, bu seçkilərdə bir çox ekspertlər namizədlərin çox olmayacağını təxmin edirdilər. Lakin gözləntilərdən fərqli olaraq daha çox iddiaçı namizədliyini irəli sürdü. Əvvəlki prezident seçkiləri ilə müqayisədə bu dəfə namizədliyini irəli sürənlərin sayının xeyli çox olması maraqlıdır. Digər diqqətçəkən məqam isə daha çox müstəqil namizədlərin sayının artmasıdır. Amma o da maraqlıdır ki, özünü ənənəvi olaraq əsas alternativ kimi göstərən müxalifətin əhəmiyyətli hissəsinin namizədləri yoxdur.Onu da qeyd etmək lazımdır ki, namizədləri qeydə alınmış siyasi partiyalar hamısı Azərbaycan Respublikası Parlamentində təmsil olunurlar. Parlamentdə təmsil olunmayan, o cümlədən müxalifət hesab edilən digər partiyaların bir çoxu isə hazırda fəaliyyətdə olan Prezident İ.Əliyevin namizədliyini dəstəklədikləri barədə əvvəllər bəyanatlar veriblər.Namizədliklərini irəli sürən 17 nəfərin siyahısı: Namizədlərin 5-i siyasi partiyalar tərəfindən - Əliyev İlham Heydər oğlu (Yeni Azərbaycan Partiyası), Mustafa Fazil Qəzənfər oğlu (Böyük Quruluş Partiyası), Musayev Elşad Nəbi oğlu (Böyük Azərbaycan Partiyası), Həsənquliyev Qüdrət Müzəffər oğlu (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası), Nurullayev Razi Qulaməli oğlu (Milli Cəbhə Partiyası). Digər namizədlər isə bunu öz təşəbbüsləri ilə ediblər.Yanvarın 8-də Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar seçkilərində prezidentliyə namizədlərin qeydə alınması üçün sənədlərin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti başa çatıb. MSK-nın yaydığı məlumata görə yeddi nəfər - Əliyev İ.H., Oruc Z. M., Mustafa F. Q., Əliyev F. A., Musayev E. N., Həsənquliyev Q. M. qeydiyyata alınıb. Digər namizədlərin – 11 nəfərin isə qeydiyyatına imtina edilib. Mətbuatdan verilən məlumatlara görə namziədliyi qeyd alınmayanlardan bir neçə nəfəri bunu qanunvericiliyə uyğun olaraq, tələb olunan sayda imzaları toplaya bilmədiklərini etiraf etsələr də, bəzi namizədlər bununla bağlı öz narazılıqlarını bildiriblər. Bunu süni yaradılmış maneələrlə izah edərək MSK-nı ittiham ediblər. Lakin MSK-nın rəsmi saytında namizədliklərinin qeydiyyatından imtina edilənlərin hamısında imza vərəqələrinin geri qaytarılmaması barədə qeyd var.Apardığmız təhlillərə görə, Prezidentliyə namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi həm vaxt baxımından – 21 gün ( 2023-cü il dekabrın 19-dan başlanıb və bu müddət 2024-cü il yanvarın 8-i saat 18.00-dək), toplanması tələb olunan imzaların sayı baxlmından (namizədliyin rəsmi qeydə alınması üçün lazım olan (ən azı 40 min seçici imzası (60 seçki dairəsini əhatə etməklə, hər seçki dairəsindən azı 50 imza) ciddi və çətin bir prosesdir. Bunun öhdəsindən gəlmək üçün kifayət qədər insan resursları, maliyyə tələb olunur. Seçki prosesinə təsir edən seqmentlərdən biri də seçki administrasiyasının təşkili və fəaliyyətidir. Müşahidələrimizin nəticəsi olaraq, qeyd edə bilərik ki, hesabat dövründə Mərkəzi Seçki Komissiyası seçkilərə hazırlıq işlərini davam etdirib. MSK mütəmadi olaraq tələb olunan normativ sənədləri qəbul etməkdədir. MSK iclasları mətbuat və müşahidəçilərə açıqdır. Qərarlar rəsmi mətbuatda və MSK-nın internet səhifəsi vasitəsilə ictimaiyyətə açıqlanır. Bununla belə, bir sıra məlumatları (seçicilərin real sayı, yerli və beynəlxalq müşahidəçilərin sayı və s.) MSK-nın saytında əldə etmək çox çətindir və məlumatların dəyişmə dinamikası uyğun olaraq vaxtaşırı yenilənmir və ya bununla bağlı məlumatlar vaxtaşırı paylaşılmır.Ötən seçkilərə nisbətən seçicilərin və seçki məntəqələrinin sayı artmışdır. Seçici siyahılarının yenilənməsi oktyabrın 7-də ümumi sayı 125 seçki dairəsinin 6319 seçki məntəqəsi (onlardan 29-u işğaldan azad olunmuş ərazilərdə yerləşir)üzrə 6 328 476 nəfər olan siyahı ilə başa çatdırılmışdır.Seçkilərdə ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan Azərbaycan vətəndaşlarının seçki hüququnun təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülməsi ilə bağlı da məlumat yayılıb. Yayılan məlumata uyğun olaraq, Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqları tərəfindən ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan 18 yaşına çatmış vətəndaşlarımızdan ibarət seçici siyahıları hazırlanaraq Mərkəzi Seçki Komissiyasına təqdim olunub.Qeyd edək ki, Azərbaycanın Seçki Məcəlləsinə əsasən konsul qeydiyyatına durmuş seçicilərin sayı 50-dən artıq olan diplomatik nümayəndəlik və konsulluqlarda səsvermə həyata keçiriləcək.Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş məlumatlar əsasında seçkilərin ölkə hüdudlarından kənarda təşkili məqsədilə ümumilikdə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb. Amma yaradılan seçki məntəqələrinin sayı, yaradılacaq şərait xaricdə yaşayan Azərbaycan vətəndaşlarının sayı nəzərə alınıbmı? Xarici ölkələrdə məskunlaşmış hər kəsin öz səsvermə hüququndan istifadəsini təmin edə biləcəkmi? Bu barədə, xaricdə yaşayan seçicilərin ümumi sayı, məntəqələr üzrə seçicilərin sayı, komissiyaların tərkibi və s.ilə bağlı məlumat hələ əldə etmək mümkün deyil.Nəhayət seçkilərlə əlaqədar istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində seçki məntəqələrinin yaradılması prosesi ilə bağlı məlumatlar yayılsa da, müşahidəçilərimiz seçicilərin ümumi sayı, məntəqələr üzrə seçicilərin sayı, komissiyaların tərkibi və s.ilə bağlı hələ məlumat əldə edə bilməyiblər. Seçkiqabağı təşviqatın aparılması qaydası və şərtləri Azərbaycan Respublikası seçki qanunvericiliyində təsbit edilib. Belə ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 75.2.-ci maddəsinə əsasən seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Seçki Məcəlləsinin 74.2-ci maddəsinə uyğun olaraq seçkiqabağı təşviqat aşağıdakı üsullarla aparıla bilər: MSK-nın qəbul etdiyi qərara əsasən bütün namizədlər üçün təşviqat dövründə pulsuz efir vaxtı əldə etmək huququ təmin edilib. Həmçinin namizədlərin seçicilərlə görüşü, mitinqlər üçün şəhər və kəndlərdə yerlər müəyyənləşdirilib. Hər kəsə bərabər imkanların yaradılması bəyan edilib. Seçkiqabağı təşviqat aparmaq üçün İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının qeydə alınmış namizədlər və namizədi qeydə alınmış siyasi partiyalar arasında bərabər şərtlərlə və bərabər həcmdə bölgüsü məqsədilə püşkatma keçirilib. Artıq İTV-də və İctimai Radioda namizədlərin debatlarına start verilib.Eyni zamanda təşviqat mərhələsində ödənişli təşviqatda iştirak etmək mümkündür. Seçkilərdə ödənişli seçkiqabağı təşviqata qoşulan media qurumlarının siyahısı dərc edilib. Lakin qeydə alınmış namizədlərin təbliğat aparması üçün dövlət büdcəsindən maliyyə ayrılması qaydası olmadığı və dövlət televiziya və radiosunda təşviqat imkanları qadağan edildiyi üçün bu imkandan istifadə etmək istəyənlərin KİV-lərin və TV kanallarının qiymətləri bəzi namizədlər ücün əlçatan olacağı sual doğurur. Əvvəlki seçkilərin təcrübəsi göstərir ki, televiziyalarda pullu efir vaxtının qiyməti reklam qiymətinin maksimum həddində və çox yüksək olduğu üçün namizədlər çox hallarda bu imkandan istifadə etmirlər. Məlum olduğu kimi namizədlər və onların nümayəndələri üçün radio efirlərində ödənişsiz vaxt verilir. Lakin çıxışları yalnız canlı dinləmək mümkündür, yəni həmin çıxışlar canlı efir vaxtı imkanı olmayanlar, təkrar dinləmək istəyənlər üçün əlçatmazdır. Bu problemin aradan qaldırılması üçün radio verilişlərin internet resurlarda yerləşdirilməsi lazımdır.Yuxarıda qeyd edildiyi kimi qanunvericiliyə uyğun olaraq təşviqat çap, audio, video yazılar həmçinin qanunla qadağan edilməyən digər üsullardan istifadə etməyə şərait yaratdığı üçün namizədlər yeni medianın imkanlarından istifadə edə bilər, sosial şəbəkələrdən namizədlərin təbliğatları, çıxışları, müraciətləri və s. üçün yararlana bilərlər. Təəssüf ki, hələ də bu sahədə ciddi bir irəliləyiş görünmür.Həmçinin Seçki Məcəlləsi namizədlərin seçkiqabağı təşviqatın kütləvi tədbirlər vasitəsilə aparılmasına imkan yaradır. Hətta buna görə dövlət orqanları, bələdiyyə qurumları namizədlərə, siyasi partiyalara təşviqat dövründə vətəndaşlarla görüşlər, açıq müzakirələr təşkil edilməsində, keçirilməsində yerlərin ayrılmasında kömək etməklə bağlı öhdəlik də qoyur. Lakin hesabat dövründə görüşlərin keçirilməsi sıxlığı hiss edilmir, yalnız qapalı məkanlarda məhdud sayda seçicilərlə keçirilən görüşlər barədə məlumatlar var. Açıq havada kütləvi mintinqlər keçirilməsi isə müşahidə olunmayıb. Onu qeyd etmək lazımdır ki, namizədlərdən biri çağırış edərək, küçə və meydanlarda mitinq və görüşlər keçirmək praktikasından imtina etməyi təklif edib. Açıq havada görüşlərin keçirlməməsini namizədlər havaların soyuq keçməsi ilə izah edirlər. Qapalı məkanlarda keçirilən görüşlər barədə də seçicilər tərəfindən tənqidi məlumatlar daxil olur, həmin məkanların qızdırılmadığı, əksər tədbirlərin həddən artıq soyuq bir şəraitdə keçirildiyi bildirilir.Müşahidələrimizin nəticəsi olaraq, təəssüflə qeyd etməliyik ki, qapalı müəssisələrdə, o cümlədən hərbi hissələrdə və cəzaçəkmə müəsissələrində namizədlər tərəfindən təşviqatın aparılması və onlara şəraitin yaradılması ilə bağlı hər hansı bir məlumat, rəsmi açıqlama verilməyib. Namizədlərin qapalı müəssisələrdə olan seçicilərlə görüşlərinə, ünsiyyətinə imkan yardılacağı qeyri-müəyyəndir. “Sivil Toplum” Monitorinq Koalisiyasının media qrupu məxsusi olaraq KİV-də mütəmadi olaraq seçkiqabağı mühiti, ümumiyyətlə proses barədə məlumatları izləmək, bununla bağlı qanunvericiliyin tələblərinə əməl edilməsi, seçkinin gedişatının mətbuatda işıqlandırılması, təşviqat prosesinin bərabər və ədalətli aparılmasını və s. təhlil məqsədi ilə KİV-in də monitorinqini həyata keçirir. Monitorinq 40-dan artıq KİV-i əhatə edir və hər bir mətbu orqan gündəlik olaraq izlənilir və medianın seçkilərdə fəaliyyətini qiymətləndirilərək təhlil edilir. Bu dövr ərzində mətbuatda seçkilərlə bağlı 600-dən artıq müxtəlif mövzularda xəbərlər, məlumatlar, o cümlədən Koalisiyanın fəaliyyəti barədə, keçiridyi tədbirlər barədə müxtəlif KİV-lərdə 120-dən artıq məlumat dərc edilib. Hesabat dövründə namizədlərin KİV-də təşviqat kompaniyasının intensiv və davamlı olduğunu demək çətindir. Əsasən MSK-nın rəsmi məlumatları, ayrı-ayrı namizədlərin bu və digər məsələlərlə bağlı açıqlamaları, keçirlən tədbirlərlə bağlı məlumatlar dərc edilib. Namizədlərin təşviqat prosesində baş verən bu və ya digər pozuntulara aid hər hansı bir narazılığına rast gəlinməyib. Monitorinq prosesində KİV-lərdə, o cümlədən TV-lərdə xəbərlərin təktərəfli və təbliğat xarakterli, qərəzli olub-olmaması, aktual ictimai-siyasi çəki daşıması, ictimai müzakirələr aparılması, müxalif və ya tənqidi fikirlərin səsləndirilməsi və s. məsələlərə xüsusi diqqət verilir. TV və radio kanallarının heç birində seçki gündəmi tərəfsiz qaydada müzakirəyə çıxarılmır. Bunun isə şübhəsiz seçici fəallığına və keçiriləcək seçkiyə münasibətə təsirsiz ötüşməyəcəyi qənaətindəyik. Əlbəttə, təşviqat prosesinin əsas mərhələsi hələ qabaqdadır.Həmçinin Müstəqil Media Mərkəzi yaradılması seçki prosesində operativ məlumatların yayılmasına xidmət edəcək.“Sivil Toplum” Monitorinq Koalisiyasının izlədiyi media subyektlərinin siyahısı Sonda onu qeyd etmək lazımdır ki, media ilə bağlı məhdudiyyətlər və təşviqatla məşğul ola bilməyən dairələrin qanunda konkret olaraq subyektləri müəyyən olunub. Xarici KİV, QHT-lər, kapitalının 30 %-i xarici şirkətə məxsus olan Azərbaycanda olan qurumlar da təşviqatla məşğul ola bilməz. Seçkilərin müşahidəsi seçkilərin ədalətli, şəffaf keçirilməsini şərtləndirən əsas meyarlardan biridir. Azərbaycan Respublikası seçki qanunvericliyi beynəlxalq və yerli seçki müşahidəsinin aparılmasını nəzərdə tutur. Yerli müşahidəçilər fərd və ya qeydiyyatdan keçmiş namizəd, partiya və ya QHT nümayəndəsi kimi qeydiyyata alınırlar. MSK bütövlükdə ölkədə müşahidə aparmağı arzulayan müşahidəçiləri qeydiyyata alır, DSK-lar isə məhz öz dairəsində müşahidə aparacaq müşahidəçilərin akkreditasiyası ilə məşğuldur.Hesabat dövründə, MSK rəsmi məlumatına görə 64 minə yaxın müşahidəçi qeydiyyata alınıb. Onlardan 400-ü beynəlxalq müşahidəçilərdir.Məxsusi olaraq qeyd etmək lazımdır ki, növbədənkənar Prezident seçkiləri QHT-lərin təşkilatlanması və koalisiyalarda birləşməsinə səbəb olub.Əldə olunan məlumatlardan görünür ki, hazırda seçkiləri monitorinq etmək üçün QHT- lərin 3 koalisiyası elan olunub:“Mənim səsim” Seçki Monitorinq Koalisiyasında tanınmış ictimai xadimlər - D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri Səidə Qocamanlı birləşərək seçkinin bütün mərhələlərinin monitorinqini aparmaq aralıq, seçki günü və yekun hesabatlar hazırlayıb ictimaiyyətə təqdim etmək niyyətindədir. Koalisiya seçki dairələrinin 50%-dən çoxunda müşahidə aparacaq.Seçki Müşahidə və Təhlil Qrupu Koalisiyasında “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” İctimai Birliyini sədri Mirvari Qəhrəmanlı, “Vətəndaş Cəmiyyəti uğrunda” İctimai Birliyin sədri Rafiq İsmayıl, “Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi” İctimai Birliyinin sədri Osman Gündüz birləşib.“Sivil Toplum” Monitorinq Koalisiyasında isə yuxarıda qeyd olunduğu kimi “Demokratik Seçki Mərkəzi” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli, “Müstəqil Hüquq Mərkəzi” İctimai Birliyinin sədri Aydın Kərimov, “Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli resurslarını birləşdirib. STMK artıq 45-dən artıq dairəni və 700-dən artıq məntəqəni əhatə edə biləcək sayda müşadiçi korpusu formalşdırıb. Seçki günü respublika üzrə müşahidə aparacaq nümayəndələrinə təlimlər keçirilir. Müşahidəçilərin seçki prosesini diqqətlə izləməsi və düzgün qiymətləndirməsi üçün ciddi hazırlıq aparılır. Bütün Kolasiyalar ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli müşahidəçiləri ilə görüşlər keçirib.Görüşdə əməkdaşlıq imkanları, məlumat mübadiləsi və s. kimi məsələlər müzakirə edilib.Əlavə olaraq onu da qeyd etmək lazımdır ki, Koalisiyalardan kənarda da xeyli sayda QHT-nin də respublika üzrə seçkiləri izləmək üçün MSK-ya müraciət etmələri barədə məlumatlar yayılıb. Belə ki, Azərbaycan Milli QHT Forumu, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, Azərbaycan Tələbə Gənclər Təşkilatı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası mətbuata açıqlamalarında seçki günü seçkiləri müşahidə edəcəklərini bəyan ediblər.Həmçinin beynəlxalq müşadəçilərin, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli və qısamüddətli müşahidəçilərinin, MDB Müşahidə Missiyasının və s., 7 fevral - növbədənkənar Prezident seçkilərində seçki prosesinin müşahidə edəcəyi bildirilib. Lakin beynəlxaql təşkilatlar və müşahidəçilərlə bağlı hələ də dəqiq məlumatlar əldə etmək mümkün olmadı. Güman edirik ki, bu günə əldə edilmiş rəqəmlər son deyil və bununla bağlı MSK tərəfindən əlavə məlumatlar veriləcək.Bunlara baxmayaraq müşahidəçilərin qeydiyyatı və seçki prosesində iştirak məslələrinə tənqidi yanaşan ekspertlər bəzi təşkilatların builki seçkilərin müşahidəsindən kənarda qalması və hüquqi problemlər səbəbilə seçkilərə dair təcrübəsi olan bir neçə yerli QHT- nin də bu seçkiləri müşahidə etməkdən məhrum olması ilə bağlı iddialarla mətbuatda çıxış ediblər. Lakin həmin təşkilatların MSK-ya rəsmi müraciət etmələri və qeydiyyatdan imtina səbəbləri barədə məlumat əldə etmək mümkün olmadı.Bütün deyilənləri nəzərə alaraq, birmənalı olaraq qeyd etmək olar ki, seçki prosesində QHT sektoru kifayət qədər aktiv olacaq. Yayılan məlumatlara görə, artıq ölkədə fəaliyyət göstərən QHT-ləri, vətəndaş cəmiyyəti institutlarını, ictimai birlikləri təmsil edən 6045 nəfərə prezident seçkilərini izləmək üçün müşahidəçilik vəsiqəsi təqdim olunub. “Sivil Toplum” Monitorinq Koalisiyası 07 fevral 2024-cü ildə keçiriləcək Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar seçkilərində namizədlərin irəli sürülməsi və qeydiyyatı mərhələsinin, həmçinin təşviqat prosesinin müşahidəsi üzrə gəldiyi nəticələr aşağıdakılardı:-. Proseslərin uğurla başa çatdırılması üçün müvafiq qurumlar daha çox diqqət, daha çox həssaslıq və məsuliyyət nümayiş etdirməlidir. “Sivil Toplum” Monitorinq Koalisiyası seçki prosesinin yaxşılaşdırılması məqsədilə aşağıdakı tövsiyyələri irəli sürür: