Demokrat.az-ın əldə etdiyi məlumata görə,hadisə 10 noyabr 2023-cü ildə, gecə saat 1 radələrində Astara rayon Kakalos kəndində baş verib. Kənd sakini Zahid həmkəndlisi Elçin ilə aralarında şəxsi münasibətlər zəmində baş verən mübahisə zamanı onun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələr vurub.
Hadisəni törədən Zahidin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Zahid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Astara rayonu Kakalos kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır: “Fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olaraq ailəmin dolanışığını təmin edirəm. Zərərçəkmiş Elçini bir həmkəndlim kimi tanıyıram. Aramızda həmin hadisəyə kimi hər-hansı bir narazılıq olmayıb. Əksinə münasibətlərimiz daim yaxşı olub”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 10 noyabr 2023-cü ildə, saat 1 radələrində Astara rayonu Kakalos kəndində küçədə həmkəndlisi Elçin ilə spirtli içki qəbul edib və ara yolla yaşadıqları evə gediblər:
“Yolda olan zaman Elçinlə zarafat etdim. Həmin zarafatdan Elçinin xoşu gəlmədi. Elçin də içkili olduğu üçün ünvanıma nalayiq ifadələr işlətdi. Bundan sonra aramızda mübahisə baş verdi. Mübahisə zamanı Elçin bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbəsi vuraraq onu döydüm. Sonra ayrılaraq yaşadığımız evə getdik”.
Bu cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Zahid aylıq qazancından 20 faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilib.
Qeyd edək ki, Zahid bundan əvvəldə Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağmalığa xəsarət yetirmə) maddəsi ilə ittiham olunub. Astara Rayon Məhkəməsinin 2023-ci ilin 19 sentyabr tarixli hökmü ilə Zahid aylıq qazancından 20 faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum olunub. Onun məhkumluğu ödənilməyib və götürülməyib.
Fariz Məlikli
Demokrat.az