Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən, mərhum Əziz Əbdüləzizin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.İttiham aktınа əsasən, Ə.Əbdüləziz aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tikinti işləri ilə məşğul olan tanışı, “ALFA LTD” şirkətinin rəhbəri İxtiyar Həsənova məktəb tikintisi işlərini tender yolu ilə alıb ona verəcəyinə dair yalan vəd verib. Belə ki, o, İ.Həsənovdan 2011-ci ildə 50 min manat pul alıb. Bu pulun 25 min manatını sonradan geri qaytarıb, qalan hissəsini isə dələduzluq yolu ilə ələ keçirib. Bundan başqa, Ə.Əbdüləziz Türkiyədən gətirilmiş plastik borularla yüklü 40 ədəd TIR-ı gömrük rüsumundan müəyyən qədər azad edəcəyini və tez bir zamanda sərhəddən buraxdıracağını vəd edərək İ.Həsənovdan 300 min manat məbləğində pul alıb. Lakin o, vədinə əməl etməyərək zərərçəkmişi növbəti dəfə aldadıb. Ə.Əbdüləziz isə ittihamı qəbul etməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Əbdüləziz 8 il müddətinə azadlıqdan məhrum edilib və bir qədər sonra saxlanıldığı cəzaçəkmə müəssisəsində vəfat edib. Bakı Apellyasiya Məhkəməsində mərhum təqsirləndirilən şəxs iki dələduzluq epizodu üzrə (300.000 və 25.000 manat məbləğlərində) təqsirli bilinib.Xatırladaq ki, cinayət işi üzrə Azərbaycanın mərhum televiziya rejissoru, ssenarist Arif Qazıyevin də adı şahid qismində keçir.