Ötən gün sosial şəbəkələrdə və bir sıra KİV-də “Latsio” klubunun “Qarabağ”ın hazırki baş məşqçisi Qurban Qurbanovla maraqlandığı barədə məlumatlar yayılıb. Məlumata görə, italiyanlar üç ildir klubu çalışdıran baş məşqçi Maurisio Sarri ilə yolları ayıraraq “Qarabağ”ın əsas çalışdırıcısı Qurban Qurbanovla anlaşmaq istəyirlər.
Belə ki, İtaliya klubu “Qarabağ”a məşhur mütəxəssis üçün 5 milyon avro təklif edə bilər. “Qartallar”ın bu transfer üçün “köhlən atlar”la danışıqlar apardığı bildirilir.
Bəs bu məlumat həqiqəti əks etdirirmi?
Doğru.az verir ki, “Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Referans.az-a açıqlamasında yayılan məlumatları təkzib edib:
“Xeyr, yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu məsələni biz özümüz də internetdən və sosial şəbəkələrdən oxumuşuq. Hazırda hər hansısa bir ciddi və əhəmiyyətli transferdən söhbət getmir”.
Qeyd edək ki, Qurban Qurbanovun “Qarabağ”la müqaviləsi gələn ilin yayında bitəcək. İtaliya çempionatının lideri “İnter”dən (28 oyun, 75 xal) 35 xal geri qalan “Latsio” hazırda 20 komanda sırasında 27 matçdan sonra 40 xalla 9-cu pillədə qərarlaşıb.
DOĞRU.AZ