EN

Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva: “Autizmli uşaqları cəmiyyətə qazandırmalıyıq”

Bu gün bütün dünya onlar üçün bir araya gəlir. BMT-nin 18 dekabr 2007-ci il tarixli qərarı ilə 2 aprel – Dünya Autizm Məlumatlandırma Günü kimi təsis edilib. Aparılmış tədqiqatlara görə, hazırda dünya əhalisinin 1 faizi, yəni 70 milyon əhali autizmin qurbanıdır. Yaranma səbəbinin hələ də tam məlum olmadığı autizm üç yaşından əvvəl başlayan və ömürboyu davam edən, ictimai qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beynin inkişafına maneə törədən bir xəstəlikdir. Onun yaranma səbəbləri müxtəlif amillərlə əlaqələndirilir. İrsi meyillilik, genetik mutasiyalar, X xromosom zəifliyi, ananın hamiləlik zamanı infeksion xəstəliklər keçirməsi, müxtəlif toksik maddələrin təsirinə məruz qalması və sairə risk amilləri siyahısına daxil edilir. Təəssüf ki, dünyada autizmli xəstələrin sayı ilbəil artır. Amerika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin açıqladığı məlumata görə, 1985-ci ildən bəri uşaqlar arasında autizm xəstəliyi 50 dəfə artıb. Oğlanların yüzdə dörd, qızların isə yüzdə bir faizinə autizm diaqnozu qoyulur. Qeyri-rəsmi stastistikayaəsasən ölkəmizdə də təxminən 5000-ə yaxın uşaq və yeniyetmə autizm sindromundan əziyyət çəkir. Getdikcə bu say artmaq üzrədir. Mütəxəssislərin fikrincə, yalnız erkən diaqnoz və müdaxilə nəticəsində bu uşaqların və yaxınlarının həyatını asanlaşdırmaq olar. Belə uşaqlar ünsiyyətdın qaçır, ətrafa reaksiyaları zəif olur. Onlarda öz ətrafında fırlanma, yellənmə, hərəkəti təkrarlanma kimi hallar yaşanır, fırlanan əşyalara daha çox maraq göstərirlər. Ona görə də ailələr diqqətli olmalıdır, uşaqlarının davranışında fərqlilik hiss etdikləri zaman vaxt itirmədən həkimə müraciət etməlidirlər. Bunun üçün cəmiyyətdə, ailələr arasında autizm spektri haqqında məlumatlılığın artırılmasına ehtiyac var. Məhz bu məqsədlə Azərbaycanda da bu gün hər il geniş miqyasda qeyd olunur. Autizm spektri haqqında məlumatlılığın daha da artırılması üçün müxtəlif tədbirlər keçirilir.Ölkəmizdə autizm spektrindən əziyyət çəkən insanlara hərtərəfli dövlət dəstəyi göstərilir. Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də “Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları”na autizm də aid edilib.

Autizmli uşaqlar Prezident İlham Əliyev, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstək və qayğısı ilə əhatə olunublar. Heydər Əliyev Fondunun dəstəyi ilə “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində Autizm sindromlu uşaqlar üçün reabilitasiya Mərkəzi fəaliyyət göstərir. Aytən Eynalovanın rəhbərlik etdiyi İctimai Birlikdə autizm spektr pozğunluqları ilə üzləşən uşaqlara zəruri ünsiyyət və həyat bacarıqları öyrədilir, onları müstəqil həyata hazırlamaq üzrə ailələrilə işlənilir, autizm sahəsində geniş maarifləndirici layihələr həyata keçirilir. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Uşaq Bərpa Mərkəzində və Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində autizm sindromlu uşaqlara tibbi-sosial reabilitasiya xidmətləri göstərilir.

Dövlət və qeyri-dövlət təşkilatlarının autizmli uşaqlarla bağlı birgə səyləri müsbət nəricələr verir. İnklüziv təhsil, səhiyyə, sosial xidmətlər dəstəkləyici mühit yaradır. Bu, autizmli uşaqların özünəməxsus istedad və bacarıqlarını üzə çıxarmaq üçün çox vacibdir. Bu baxımdan, autizm spektr pozuntusu olan uşaqların inklüziv təhsilə inteqrasiyası daha da gücləndirilməli, bu proqramlara əlçatanlığı artırılmalıdır. Autizm spektr pozuntulardan əziyyət çəkən uşaqlar xüsusi diqqət və qayğı tələb edilən qrupdur. Autizmli uşaqlar arasında istedadlı və qabiliyyətliləri çoxdur, sadəcə bunu üzə çıxarmaq lazımdır. Autizmli uşaqları cəmiyyətə qazandırmalıyıq. Bu gün autizmli gənclər arasında Universitet tələbələri, peşə təhsilinə yiyələnənlər var. Bu, o deməkdir ki, bu spektrdən əziyyət çəkən uşaqların valideynləri daha fəal olmalı, onları müxtəlif məşğələlərə cəlb etməli, müvafiq sahədə istedadlarının aşkar olunmasına kömək etməlidirlər. Bu gün strukturlaşdırılmış təhsil, loqoped terapiyası, sosial vərdişlərin öyrədilməsi, məşğulluq terapiyası kimi səmərəli psixopedaqoji proqramlar mövcuddur. Bu proqramlar vasitəsilə autizmli uşaqların inkişafında müəyyən irəlləyişlər əldə etmək mümkündür.

Odur ki, Dünya Autizm Məlumatlandırma Günündə daha çox məlumatlanmaq, maariflənmək üçün hərəkətə keçək. İnklüziv cəmiyyət qurmaq üçün əl-ələ verək. Hər kəsin inkişaf etmək imkanının olduğu bir cəmiyyət üçün bir araya gələk. Autizm spektr pozuntusu olan uşaqlar üçün bərabər imkanların inkişafı və gücləndirilməsinə hamımız dəstək olaq. Yalnız bu halda autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək edə bilərik.

Chosen
246
27
moderator.az

10Sources