EN

Onun simasındakı zəhm düşməni qorxuya salmağa bəs edirdi - Aprel döyüşlərinin şəhid polkovnik-leytenantı Murad Mirzəyev

Onun

Bakı, 12 aprel, AZƏRTAC

Elə insanlar var ki, bu dünyadan gedəndən sonra onları kimsə əvəz edə bilmir. Murad da belə insanlardan biri idi...

Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycanın Milli Qəhrəmanı, Aprel döyüşləri şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyeva deyib.

O, sözlərinə belə davam edib: “Muradın üzündə zəhm olsa da, əslində çox mülayim, səbirli, təmkinli, qayğıkeş insan idi. İşi nə qədər çox olsa da, bir saat vaxt tapan kimi mütləq bizimlə, uşaqlarla maraqlanardı. Evdən çıxanda Nurlan ilə Dənizi öpməmiş, qoxularını içinə çəkməmiş getməzdi. Onun həyatı işindən və ailəsindən ibarət idi.

Zabit kimi isə çox peşəkar, vətənpərvər, qorxmaz, cəsarətli və savadlı idi. Həm fiziki-mənəvi cəhətdən güclü olmaqla, həm də savadı olmaqla seçilmək hər kəsin işi deyildi. Murad Mirzəyevdə onların hamısı cəmlənmişdi. Tabeliyində olan əsgərlərə qarşı tələbkar olduğu qədər də onlara qayğı ilə yanaşırdı. Deməzdin ki, kənardan zəhmi ilə adamı qorxuya salan zabitin yerə-göyə sığmayacaq qədər geniş, mərhəmətli və içində sevginin kök saldığı ürəyi var.

Son dəfə 2016-cı ilin Novruz bayramı günlərində bizimlə bir yerdə oldu. Həmin ərəfədə Ermənistan silahlı qüvvələrinin təxribatları intensiv hal almışdı. Murad çox narahat görünürdü. Martın 25-i işdən yorğun gəlsə də bizi gəzməyə apardı. Çox gözəl gün keçirdik. Martın 28-də isə valideynlərini bizə çağırmışdı. Ailəliklə bir süfrə arxasında çox xoş, ömür boyu unutmayacağımız anlar keçirdik. Sən demə bu, bizim son gülüşlərimiz, son xoşbəxtliyimiz imiş... Həmin gün onu yola saldım. Nə qədər deyib-gülsəm də, son dövrlər ermənilərin cəbhə xəttində aktivləşməsi, Muradın evə gec-gec gəlməsi məni narahat edirdi. Murad evdə heç vaxt işlə bağlı danışmazdı. Lakin onun da fikirli, sanki tikan üstə dayanmış kimi olduğunu sezirdim. Evdən çıxanda son dəfə övladlarını qucaqlayıb bağrına basdı. Mənimlə sağollaşanda dözməyib nigaranlığımı bildirdim. Hətta hisslərimə yenilib “bu nə vaxta kimi davam edəcək, nə qədər müddətdir bir qarış torpaq azad edilməyib” deyəndə, o, sakitliklə “narahat olma, hər şey yaxşı olacaq, bu səfər özünüz hər şeyə şahid olacaqsınız” dedi. Onun bu dedikləri nəinki məni rahatlatdı, əksinə gərginliyimi birə beş artırdı.

Gedəndən sonra da bizimlə əlaqə saxlayırdı. Martın 31-də isə 40 yaşını çox sevdiyi Qarabağ torpağında qeyd etdi. Ən son aprelin 2-də danışdıq. Həmin gün müharibənin başlaması ilə əlaqədar xəbərlər gəzirdi. Bunu Muraddan soruşanda təkzib etdi, şayiə adlandırdı. Nə zaman gələcəyini soruşanda “Yaxın zamanlara gələ bilməyəcəyəm, məni tezliklə gözləmə” dedi. Mən onu aylarla da gözləmişdim, düşündüm ki, yəqin bir neçə ay çəkər. Lakin heç vaxt ömürlük ola biləcəyini eynimdən keçirmirdim. Elə həmin gecə - aprelin 2-dən 3-nə keçən gecə Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə şəhid oldu. Döyüşlərin getdiyini gizlətsə də rəsmi qurumlar bu barədə məlumat yaydılar. Hiss etdim ki, deməsə də döyüşlərdə iştirak edir. Bir neçə gün idi ki, ondan xəbər yox idi. Dəfələrlə olub ki, günlərlə onun səsinə həsrət qalmışam. Sonradan əlaqə yaradıb danışmışıq. Bu dəfə şəhid olduğundan xəbərsiz idim, lakin yerə-göyə sığmırdım, nə isə pis hadisənin olduğu ürəyimə dammışdı. Dördgünlük döyüşlər bitəndən sonra Muraddan heç bir xəbər olmadığı deyilirdi. Onun şəhid ya yaralı olduğu bilinmirdi. Çünki neytral zonada qalmışdı. Yalnız aprelin 10-da onun nəşini neytral zonadan çıxara bildilər. Mənə şəhid olduğu xəbəri də o gün verildi. Murad bir də gəlməyəcəkdi... 2016-cı il aprelin 11-də onu İkinci Fəxri xiyabanda torpağa tapşırdıq. Onunla bərabər arzularımız, xəyallarımız da dəfn olundu.

Döyüş yoldaşları deyirlər ki, Murad Mirzəyev son anına qədər azad etdiyi mövqedən geri çəkilməyib. O, Samid İmanov, Mühüd Orucov, Pəncəli Teymurov kimi silahdaşları ilə birlikdə düşmənin arxa tərəfinə keçərək, çox strateji yüksəkliyi və yolu ələ keçirib. Həmin döyüşdə Muradın dəstəsi düşmənin 14 tankını məhv edib. Murad “Vətən sağ olsun” deyərək döyüşə atılıb. Yalnız səhər hava işıqlaşanda, ermənilər bizim döyüşçülərin mövqeyini müəyyənləşdirib və onlar dayanan yeri dayanmadan top atəşinə tutublar... Murad həmin döyüşdə şəhid olub. Onun silahdaşları Samid İmanov, Pəncəli Teymurov, Mühüd Orucov da Aprel döyüşlərində şəhadətə yüksəliblər.

Vətən müharibəsində işğalda olan ərazilərimizin, xüsusilə də Tərtərin Talış kəndinin düşməndən tamamilə təmizləndiyini eşidəndə Muradın ruhunun şad olduğunu hiss etdim. Onun qanının düşdüyü torpağa artıq yağı ayağı dəyməyəcəkdi. Bu, mənim üçün ən böyük təsəllilərdən biri oldu...

Murad məni sağlığında özünün yoxluğuna öyrəşdirməyə, çiynimə qoyacağı ağır yükü qaldırmaq üçün güclənməyimə vəsilə olmuşdu. Mən bunu çox sonradan anladım. Səkkiz il ötsə də onun yoxluğuna alışa bilmirəm, amma onun arzularını həyata keçirmək üçün güclü olmaq məcburiyyətindəyəm. O, mənə canından bir parça olan iki övladını əmanət qoyub...”

Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin şəhid polkovnik-leytenantı Murad Mirzəyev 1976-cı il martın 31-də Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. Hələ uşaq yaşlarında hərbçi olmağa can atan M.Mirzəyev atasının razılığı ilə sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verib. 1991-1994-cü illərdə həmin hərbi liseydə təhsil alan M.Mirzəyev daha sonra təhsilini Türkiyədə davam etdirib və 1998-ci ildə Türkiyədə Ali Hərbi Məktəbi bitirib. O, Azərbaycan Ordusunun zabiti kimi ABŞ, Rumıniya və İordaniyada keçirilən hərbi təlimlərdə iştirak edib.

2016-cı il aprelin 2-dən 3-nə keçən gecə Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Zabitin nəşi şəhid olandan bir neçə gün sonra - aprelin 10-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə döyüş meydanından götürülərək Azərbaycana təhvil verilib.

Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyev 2016-cı ilin mayında Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanın Milli Qəhrəman adına layiq görülüb.

Chosen
278
1
azertag.az

2Sources