Sosial media hər keçən gün daha qorxulu olur. Bunun ən mühüm göstəricisi də intihar edən və ya psixi sağlamlıq problemlərindən əziyyət çəkən insanlardır. Dünyada milyonlarla insan sosial mediada saatlarla vaxt keçirir. Bir çox istifadəçilər rastlaşdıqları və hətta tanımadıqları insanlar haqqında şərh vermək imkanına malikdirlər. Çox vaxt bu şərhlər gözlənilməz dərəcədə qəddar və "qərəzli" olur. Adətən “dilin sümüyü yoxdur” deyirlər, amma bu gün bu məsəl “əlin sümüyü yoxdur”a çevrilib. Məsələn, bir neçə gün əvvəl dənizə tullantı atdığı deyilən şəxsin başına gələnlər hər an başımıza gələ bilər. Xüsusilə, texnologiyanın inkişafı və sosial medianın geniş istifadəsi ilə linç mədəniyyəti indi dəbə çevrilib. Bu davranışın əsas məqsədi, insana zərər verməkdir. Bu da insanın sosial kimliyinə, psixologiyasına, həyat tərzinə və hətta ailə həyatına təsir edə bilər. Sosial media insanlara gündəlik həyatda cəsarət edə bilməyəcəyi "fikir"ləri söyləmək azadlığı verdiyi üçün bəzən idarə olunmayan duyğularla qınaq cəhdləri baş verə bilər. Qeyd edək ki, sosial media qınaq "mədəniyyət"i rəqəmsal dövrün qaranlıq üzündən sadəcə biridir. Bu vəziyyət əslində qınaq edilən insanlara ciddi zərər verə bilər. Bu zərərlərdən ən ağırı, intihar kimi faciəvi nəticələrə gətirib çıxara bilər. Hədəf edilən insanlarda ciddi psixoloji və emosional sıxıntı yarana bilər. Davamlı hücum altında olmaq, narahatlıq, depressiya və travma kimi vəziyyətlərə səbəb ola bilər. İnsan cəmiyyətdən təcrid olur. Bu da insanın münasibətlərini zəiflədə, sosial təcrid və tənhalığa gətirib çıxara bilər. İnsanın işinə və karyerasına, eyni zamanda ümumi həyatına ciddi ziyan dəyə bilər. Onlar işdən çıxarılma, nüfuzunu itirmə və sosial təcrid kimi nəticələrlə üzləşə bilərlər. Bu cür zərərlər insanlara düşündüyümüzdən də çox mənfi təsir edir. Bəs biz özümüzü qınaq "hücumu"ndan necə qoruya bilərik? Xüsusilə gənclər kiber zorakılığa son dərəcə həssasdırlar. Bu cür zorakılıq həm qəzəb, həm də kədər hissi yaratsa da, dərin təsirləri də ola bilər. Mövzu ilə bağlı araşdırmalar son illərdə kiber zorakılığa görə intihar hadisələrinin artmasına diqqət çəkir. Bu vəziyyətdən qaçmaq üçün ediləcək ən yaxşı üsul, şəxsi profilinizi gizli formata çevirmək və sosial media şərhlərini məhdudlaşdırmaqdır. Mənfi reaksiyaları görməzliyə vurmağa və mümkünsə, onlara baxmamağa çalışmaq lazımdır. "Şüursuz" şərhlərin yazıldığı sosial media platformalarından istifadəni azaltmaq və insanlara daha az şərh yazmaq lazım olduğunu bildirmək neçə-neçə həyatları xilas edəcək. Çox uzağa getməyəcəyəm, bir neçə il öncə tanımadığım bir qrup şəxs tərəfindən mən də sosial mediada "qınaq" edilirdim. Şəxsimə aid olan şəkillər məndən icazəsiz paylaşılırdı. O paylaşımların şərh bölməsində həyatımda heç görmədiyim, tanımadığım, bir kəlimə belə kəsmədiyim müxtəlif "şəxslər" mənim haqqımda "boş" beyinlərindən ağızların tökülənləri yazırdı. Bu məxluqlar əxlaqıma, ailəmə və uşaqlarıma qarşı etikadan kənar və tərbiyədən "məhrum" şəkildə "söz" atırdılar. Bu "qınaq" başlanğıcda işimlə əlaqəli idi, sonra məsələyə şəxsi həyatımı da qatdılar. Düşünün ki, şəxsi şəkillərimin altında AİDS xəstəsi olduğum və əxlaqsız olduğum yazılırdı. Eyni zamanda qeyd edilirdi ki, mən hansısa ölkə üçün agentlik edirəm. Mən də bu əsassız ittiahmlarla "bəzədilmiş" şərhləri iki oğlumu qucaqlayıb, ağlaya-ağlaya oxuyurdum. Polisə və prokurorluğa tapdanan hüquqlarımın mühafizəsini təmin etdirmək məqsədi ilə müraciət etmişdim. Nəticə, sıfır... Uşaqlarım azyaşlı olsa da, yanımda olduqlarını, yazılanlara inanmadıqlarını qeyd edirdilər. Anam, qardaşlarım, qohumlarım da yanımda olduqlarını deyir və əhəmiyyət verməməyi tövsiyyə edirdilər. Etiraf edim ki, ağrılı bir dönəm idi. Mən də uşaqlarımı götürüb, xaricə köçdüm. Sözün əsl mənasında 1-2 il uzaq qaldım, məni "məhv" etməyə köklənmiş "cəmiyyət"dən. Uzun bir müddət sonra toparlandım və sonradan haqqımda yazılanları 3-cü bir şəxs kimi oxumağa başladım. Sadəcə əsası olmayan söz yığınından ibarət yazılar idi. Şərh yazanların 90 faizi də beyninin içi boş, ürəyinin içi kirli, sözləri mənasız, təhsilsiz və sözün hər mənasında, işsiz-gücsüz adamlar idi. Yəni cəmiyyətdə özünü sübut edə bilməmiş klaviatura "canavar"ları. ...Bəli, mən də o dövrdə intihar edə bilərdim və yaxud ürəyim partlaya bilərdi, ya da ruhi vəziyyətim dəyişər, psixi xəstə ola bilərdim. Amma mən güclü idim, vəziyyətdən səhhətimə zərər vermədən çıxdım. Aradan 4 il keçib, bu gün həmin vəziyyəti düşünəndə özümdə olan səhvləri də görə bilirəm. Qapalı olacaqsan, iş yoldaşlarına inanmayacaqsan və heç kimə dost deməyəcəksən. İnsanlarla arada hər zaman bir pərdə saxlayacaqsan. Çünki əmin ol ki, heç kim özünü göstərdiyi kimi deyil. Azərbaycanda hüquq mühafizə orqanları bu məsləyə qeyri-ciddi yanaşdığı üçün istənilən zaman sosial şəbəkədə qınaq "hücum"una məruz qala bilərsiniz. Belə halla qarşılaşdığınız zaman sosial şəbəkədən uzaqlaşın. Unutmayın ki, hər kəs öz çirkabını ətrafa yaxmağa çalışır. Düşüncələri, həyatı təmiz və öz yolunda olan heç kim başqası haqqında uyğun olmayan ifadə işlətməz. Hələ ki, o insanı şəxsən həyatda tanımırsa... Qısaca; haqqınızda deyilənlər ağır olsa da və bunları qəbul etmək nə qədər çətin olsa da əhəmiyyət verməyin... Danışanlar bir gün susacaqlar. İnformasiya dövründə yaşayırıq və hər gün gündəm dəyişir. Sizdən 3 gün danışa bilərlər. Sonra sizi gündəm etmək istəyənlər üçün "adi"ləşəcəksiniz... Ürəyi çirkab içində olan insanlar, öz bataqlıqlarında boğulmağa məhkumdurlar. Siz sadəcə öz həyatınızı yaşayın... İradə Cəlil, Bizimyol.info