Azərbaycan və Türkiyə arasında ikiqat vergitutmanın aradan qaldırılması Türkiyənin Azərbaycana investisiyalarının artmasına şərait yaradacaq. Bununla bağlı imzalanmış sazişlə qarşı tərəf Azərbaycana münasibətdə yalnız hüquqi şəxslər üçün mənfəət vergisi, fiziki şəxslər üçün isə gəlir vergisi tətbiq edəcək. Ölkələrdən birinin rezidentinin digər ölkədə vergiyə cəlb edilə bilən gəliri olduqda, rezidenti olduğu ölkə onu eyni məbıəğdə gəlir vergisindən azad edəcək. Sadə dillə desək, Azərbaycan vətəndaşı Türkiyədə gəlir vergisinə cəlb edilsə, onun ölkəmizdə ödəyəcəyi vergi həmin məbləğdə azaldılacaq. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
O bildirib ki, Azərbaycanla Türkiyə arasında münasibətlər sürətlə inkişaf edir: "Ötən il iki ölkənin ticarət dövriyyəsinin dəyəri əvvəlki ilə nisbətən 31 % artaraq 7,65 milyard ABŞ dollarına çatıb. Hazırda Türkiyədə 2,8 min Azərbaycan şirkəti, Azərbaycanda isə 5 mindən çox Türkiyə şirkəti fəaliyyət göstərir".