EN

Putin niyə sülhməramlıların 2025-ci ilə qədər Azərbaycanda qalmasını istəyir?

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti daha bir müşahidə məntəqəsini ləğv edib. Bununla da 19 sentyabrdan bəri Əsgəran, Şuşa, Xocavənd və Ağdərədə ümumilikdə 24 müşahidə və 16 müvəqqəti məntəqə ləğv edilib.

Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələrinin bir-bir ləğv edilməsi diqqət çəkir. Rusiyanın sülhməramlıları Azərbaycandan çıxarmaq niyyəti yoxdur. Bunu Rusiya Prezidenti Vladimir Putinin Qırğızıstana səfərinin yekunlarına dair mətbuat konfransında dedikləri də təsdiqləyir. 

V.Putin deyib ki, “Rusiya sülhməramlı kontingenti rəsmi olaraq 2025-ci ilin noyabrına qədər Qarabağda qalmalıdır, lakin tərəfdaşlarımızla məsələni dialoq yolu ilə həll etməliyik”. 

Putinin sözlərindən iki nüans diqqət çəkir:

1. Rusiya sülhməramlı kontingenti rəsmi olaraq 2025-ci ilin noyabrına qədər Qarabağda qalmalıdır;

2. Tərəfdaşlarımızla məsələni dialoq yolu ilə həll etməliyik;

Putin “sülhməramlı kontingenti rəsmi olaraq 2025-ci ilin noyabrına qədər Qarabağda qalmalıdır” deyərək 10 noyabr bəyanatına istinad edir. Prinsip etibarilə sülhməramlıların səlahiyyət müddəti 2025-ci ildə bitir. Putin yaxşı anlayır ki, rəsmi Bakı sülhməramlıların səlahiyyət müddətinin uzadılmasını istəmir. Rəsmi Bakı hətta bu prosesin vaxtından tez baş tutmasını istəyir. Putin isə rus kontingentinin fəaliyyətinin vaxtından əvvəl başa çatmasını istəmir. Buna görə də sülhməramlıların daha iki il qalmasını istəyir. 

Aydın məsələdir ki, bu gün regionda sülhməramlıların fəaliyyətinə ehtiyac qalmayıb. Rusiyanın ehtiyac qalmasa da sülhməramlılarını 2025-ci ilə qədər saxlamaqda məqsədi var:

Birincisi, 2025-ci ilə qədər Qarabağı tərk edən ermənilərin bir çoxu geri qayıda bilər. Bu baş versə Rusiya “reinteqrasiyaya töhfə” adı altında Azərbaycanda qalmaq istəyə bilər.

İkincisi, 2025-ci il Azərbaycanda prezident seçkiləri baş verəcək. Putin rəsmi Bakının başının daxili işlərinə qarışacağını bildiyi üçün 2025-ci ilə qədər sülhməramlıların Qarabağda qalmasını istəyir.

Üçüncüsü, Qərb və ABŞ regionda müxtəlif adlarda missiyaların gəlməsini, habelə təhlükəsizlik tədbirləri çərçivəsində BMT hərbi missiyanın Qarabağa gəlməsini istəyir. Rusiya 2025-ci ilə qədər bu tələblərin artacağını bilir və buna görə də sülhməramlıların həmin vaxta qədər Qarabağda qalmasını istəyir. 

Nəticə etibarilə hər üç məqamda bir şeyə hesablanıb. Rusiya 2025-ci ilə qədər sülhməramlıları Azərbaycanda saxlayaraq əslində səlahiyyət müddətini, hətta say tərkibini artırmaq istəyir. 

Azərbaycanın bununla razılaşma ehtimalı var. Hər halda beynəlxalq hərbi kontingentin Qarabağa gəlməsindənsə Rusiya sülhməramlılarının Qarabağda qalması Bakı üçün daha məqbuldur. 

Sülhməramlıların səlahiyyət müddətinin 2030-cu ilə qədər uzadılması isə öz növbəsində Qarabağda separatçılığın gələcəkdə yenidən zühur etmə ehtimallarını artırır. 

Politoloq Turan Rzayev

Visiontv.az



Chosen
223
5
visiontv.az

3Sources