Bakı Dövlət Universiteti və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə 22 aprel - Beynəlxalq Yer Gününə həsr olunmuş maarifləndirici seminar və təmizlik aksiyası keçirilib.
Tədbir çərçivəsində BDU-nun müəllimləri tərəfindən Bakı şəhər 119 və 256 nömrəli tam orta məktəblərdə şagirdlərə iqlim dəyişikliyi, onun ekosistemə, ətraf mühitə və insan sağlamlığına təsiri, ekologiyanın qorunmasında şagirdlərin üzərinə düşən vəzifələr barədə ətraflı məlumat verilib. BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Həmkarlar İttifaqı Komitəsinin sədri Rəşad Cabarov çıxışlarında günün önəmini qeyd edib, ölkəmizdə ekologiyanın qorunması istiqamətində həyata keçirilən dövlət siyasəti barədə danışıblar. BDU-nun müəllimləri Qismət Xanbabayev “Yaşıl enerji ehtiyatlarının coğrafi paylanması və əhəmiyyəti”, Məhluqə Yusifova “İqlim dəyişikliyi problemi və onun Azərbaycana təsiri”, Qiyas Bayramov “Su ehtiyatlarının çirklənməsinin səbəbləri”, Günel Sarıyeva “Qlobal ekoloji problemlər və onların yaratdığı fəsadlar” mövzularında məruzələr edib, şagirdlərin suallarını cavablandırıblar.
Sonra tədbir hər iki qurumun könüllülərinin iştirakı ilə Türkan qəsəbəsində dənizkənarı ərazidə təmizlik aksiyası ilə davam etdirilib. Tədbir könüllülərin üzərində “Earth day” (“Yer Günü”) yazılmış plakat açaraq keçirdikləri fləşmobla başa çatıb.
Qeyd edək ki, aksiyanın məqsədi ictimaiyyətin diqqətini günün əhəmiyyətinə yönəltmək, insanları, xüsusilə yeniyetmələri ekoloji maarifləndirmək, onları ətraf mühitin mühafizəsinə və təbiətə qayğı ilə yanaşmağa təşviq etməkdir.