EN

8 Noyabr prospektində təmir işləri davam etdirilir - FOTOLAR

Rahat gediş-gəlişin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 8 Noyabr prospektində təmir işləri davam etdirilir.   Manset.az xəbər verir ki, əsaslı təmir işləri aidiyyəti qurumlarla razılaşdırılmış şəkildə və ya onların birbaşa iştirakı ilə aparılır. Hazırda Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilərək aidiyyəti qurumlarım iştirakı ilə razılaşdırılmış layihə əsasında hərəkət zolaqlarının sayı eyni saxlanılmaqla ayrılmış velosiped zolaqları salınır, ərazidə işıqlandırma səviyyəsinin yaxşılaşdırılması məqsədilə tədbirlər görülür. Qeyd olunan işlər hazırda prospektin Yusif Səfərov küçəsinin Xəqani Rüstəmov küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılır. Ümumilikdə isə prospekt boyunca 10 km-ə yaxın velosiped yollarının salınması layihə üzrə nəzərdə tutulur. Sözügedən velosiped yolları “bufer zona”lar vasitəsilə yolun nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hissəsindən ayrılır. Bundan başqa, prospekt boyunca vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün mövcud piyada səkiləri bərpa olunur, kənarlarına yeni səki daşları düzülür. Xatırladaq ki, işlərin aparıldığı ərazidə hərəkət məhdudlaşdırılmayıb. Yalnız ərazidən keçən avtonəqliyyat vasitələrinin və çalışan işçilərin təhlükəsizliyi baxımından müəyyən hərəkət zolaqları üzrə qismən məhdudlaşma tətbiq edilib.  Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən prospektlə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Qeyd edək ki, 8 Noyabr prospekti uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə olunurdu. Bu isə paytaxtın əsas işlək prospekti ilə rahat hərəkətə maneə yaradırdı. 

Chosen
100
manset.az

1Sources