EN

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Aprelin 23-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Əlcəzair Xalq Demokratik Respublikası Xalq Milli Assambleyasının Milli müdafiə komitəsinin sədri, Əlcəzair-Azərbaycan dostluq qrupunun rəhbəri Qarbi Abdelbasetin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Ednews-a bildirilib ki, Azərbaycan parlamentinin komitə sədri Səməd Seyidov bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin tamam olduğunu xatırladaraq, Azərbaycanla Əlcəzairin oxşar tarixi, müstəqillik yolu barədə fikirlərini bölüşüb. O, diqqətə çatdırıb ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə öz ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş və dünya miqyasında sözünü deyə bilən ölkədir. S.Seyidov ölkələrimizin Qoşulmama Hərəkatı, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığından danışıb, Əlcəzairin həmişə Azərbaycanın haqq işini dəstəkləməsindən məmnunluğunu bildirib.
Söhbət zamanı komitə sədri Fransanın neokolonializm siyasəti, Ermənistanla Azərbaycan arasında sülh prosesinin gedişi, ölkəmizin Əlcəzairlə parlamentlərarası, mədəniyyət, təhsil və digər sahələrdə əlaqələrinin inkişafı barədə fikirlərini bölüşüb.
Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən Əlcəzair Xalq Demokratik Respublikası Xalq Milli Assambleyasının Milli müdafiə komitəsinin sədri, Əlcəzair-Azərbaycan dostluq qrupunun rəhbəri Qarbi Abdelbaset ölkələr arasında münasibətlərin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətindən danışıb. Qeyd edib ki, hələ sovetlər dönəmində Əlcəzairin Azərbaycanla yaxşı münasibətləri olub və diplomatik əlaqələrimizin qurulmasından ötən 30 il ərzində bu münasibətlər daha da inkişaf edib. O bildirib ki, ölkələrimizin beynəlxalq təşkilatlarda sıx əməkdaşlığı məmnunluq doğurur. Söhbət zamanı qonaq iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi imkanları barədə fikirlərini açıqlayıb.

Chosen
68
9
ednews.net

10Sources