EN

Azərbaycan–Rusiya münasibətlərinin inkişafına töhfə

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Rusiyada işgüzar səfərdə olub. Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev səfərin nəticələrinin qiymətləndirilməsi ilə bağlı APA-nın sualını cavablandırıb.
– Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri oldu. Səfərin nəticələrini necə qiymətləndirirsiniz?
– Azərbaycan tərəfi bu səfərin nəti­cələrini çox müsbət qiymətləndirir. Qeyd edim ki, səfər Azərbaycanla Rusiya ara­sında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin ruhunda keçdi. Səfər çərçivəsində dövlət başçıları ikitərəfli gündəliyə aid olan məsələləri geniş mü­zakirə etdilər. Bura Azərbaycanla Rusiya arasında siyasi, iqtisadi-ticarət əlaqələri, qarşılıqlı sərmayələrin qoyuluşu, huma­nitar və digər məsələlər aiddir. Ticarət dövriyyəsinin artması müsbət məqam kimi xüsusi vurğulandı. Demək olar ki, Azərbaycan–Rusiya əlaqələrinin hər bir istiqaməti üzrə müsbət dinamika olduğu məmnuniyyətlə qeyd edilib.
Görüş zamanı “Şimal–Cənub” bey­nəlxalq nəqliyyat dəhlizi müzakirə edil­di və bu layihənin icrası istiqamətində lazımi addımların atılması üçün dövlət başçıları tərəfindən aidiyyəti hökumət nümayəndələrinə tapşırıqlar verildi. Pre­zident İlham Əliyev qeyd etdi ki, Azər­baycanla Rusiyanı birləşdirən dəmir yolu xətti var, ancaq gözlənilən 15 milyon ton yük həcminin daşınması üçün mövcud infrastruktur müvafiq qaydada genişlən­dirilməlidir.
Həmçinin hər iki ölkənin lideri Azər­baycanla Ermənistan arasında sülh müqaviləsi ilə bağlı danışıqları da müza­kirə etdilər. Prezident İlham Əliyev Rusi­yanın bu sahədə rolunun və səylərinin yüksək qiymətləndirildiyini bildirdi.
Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin Baykal–Amur Magistra­lının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü xüsusi əhəmiyyət daşıyan tədbir oldu. Səmimi şəraitdə keçirilən görüşdə SSRİ rəhbərliyində çalışarkən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu nəhəng layihənin həyata keçirilməsində rolu və verdiyi mü­hüm töhfələr xüsusi qeyd edildi. Bildirildi ki, hazırda Rusiya və qlobal iqtisadiy­yat üçün mühüm əhəmiyyət kəsb edən BAM-ın tikintisi prosesində qarşıya çıxan texnoloji və təbii çətinliklərin aradan qal­dırılmasında Heydər Əliyevin səyləri və qətiyyətli iradəsi mühüm rol oynayıb. Ulu öndərlə birlikdə çalışmış veteranlar onun­la bağlı öz xoş xatirələrini bölüşdülər.
Ümumiyyətlə, Prezident İlham Əliyevin Rusiyaya səfəri ölkələrimiz ara­sında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişafına növbəti müs­bət töhfə oldu.

Chosen
230
20
xalqqazeti.az

10Sources