EN

"Evimdə qaz, su, işıq olur, gah da olmur" - Şeyxin qudası

“2012-ci ildə Rəsul Quliyev Amerika Konqresində nələr edib, müsahibəsi var. Rəsul Quliyev ağlı başında olanda, vəziyyətinin yaxşı vaxtlarında, pulu, var-dövləti olanda Azərbaycan dövlətinin əleyhinə danışırdı. Bəs bunları nə ilə müqayisə etmək olar? Kimsə deyirsə ki, o düzələr, mümkün deyil. Nəyi düzələcək? İmam surətində ölkəyə qayıdacaq? Görümüşük də bunların üzlərini, sifətlərini. Bəs sən Amerika Konqresində görüşlər keçirəndə məqsədin nə idi? Mən deyəndə ki, Rəsul Quliyev vətən xainidir, bəziləri dedilər, “yox, hələ cinayət işlətməyib”. Nə cinayəti? Gedib oturub gözləyirdi ki, 2005-ci ildə ölkədə çevriliş olacaq, kimlərsə hakimiyyəti devirəcək. Gözünə döndüyüm cənab Prezident hamısını darmadağın etdi. İndi müsbət danışmağa nə var? Bu Prezidentin nə boyda zəhməti, əziyyəti var. Bu kişi gecə-gündüz Azərbaycan xalqı üçün çalışır. Hamısı deyir ki, guya İlham Əliyevin tərəfində olublar. Xeyr, olmayıblar, olmayacaqlar da. İstəyirlər ki, xalqı aldatsınlar”. 

News24.az bildirir ki, bu sözləri Pravda.az-a müsahibəsində ABŞ-də yaşayan sabiq spikerlə Bakının Bilgəh qəsəbəsindəki mülkə görə mübahisəsi olan sabiq deputat Qalib Salahzadə deyib. 

“Əli Kərimli, Gültəkin Hacıbəyli, Amerikada oturan Sevinc Osmanqızı... Bunların sifətlərinə baxın, nə rəngə düşüblər ki, Rusiya qoşunları Qarabağdan çıxdı, cənab Prezident 44 günlük müharibədə necə qələbə çaldı. İndi başlayıblar, “görəsən, Azərbaycan nə verib ki, rus qoşunları Qarabağadan çıxıb?” Nə verib? Müxalifət mitinq təşkil edir. Nə mitinq? Mitinq edib, nə qələt edə bilərsən? Mən bu dəqiqə evimdə oturmuşam, qaz, su, işıq olur, gah da olmur. Bunun üçün dövlət təqsirkardır? Hamısı boş söhbətlərdir. Cənab Prezident daha nə etməlidir bu Azərbaycan xalqı üçün? Çatışmazlıq olub, olacaq. Həyatdır, insan yaşayır. Hərəsi çıxıb bir cür danışır. Şəxsən mən Cəmil Həsənlinin bir ağsaqqal kimi necə olduğunu bilirəm. Parlamentdə mənimlə bir yerdə deputat olub. Fəqir, yazıq adamdır. Cəmil Həsənlidən istifadə edirlər. Qoca kişidir, onu belədən-belə aldadırlar. Cəmil Həsənlinin nəyi çatmır? Acdır, ya susuzdur? Bəlkə, pensiyası çatmır? Həqiqətən, ona bir insan kimi böyük hörmətim var. Yazıq-yazıq danışanın biridir. Sadəcə, bu canavarlar düşüblər ortaya. İndi də “tülkü Həccə gedir” söhbətidir. Nə Rəsul Quliyev? Azərbaycana niyə gəlir? Nə edir Azərbaycanı?  Ayrı-ayrı başıboş, özünü “müxalifət” adlandıran adamları yoldan çıxarır. Əqrəblə qurbağanın dostluğu kimi. Qurbağa əqrəbi çiyninə mindirib çayı keçirir. Əqrəb isə sudan keçəndə sahilə az qalmış qurbağanı sancır. Deyir ki, nə edim, adətimdir... Müxalifətin də adəti belədir. Hər şeyə cənab Prezident, gərək, özü cavab versin? Mənim ziyalılardan, siyasilərdən umacağım budur. Qorxa-qorxa danışırlar. Bəli, yaxşı ziyalılar, alimlər, söz deyənlər var, amma bu müxalifətin qabağına cənab Prezident, Birinci vitse-prezident çıxmamalıdır. Xalq, gərək, özü bunların cavabını versin. Mən ürəklə danışıram. Hamımız Prezidentin arxasında dayanmalıyıq. Bu adam rusla danışır, erməni ilə danışır, amerikalı ilə, ingilislə danışır... Rəsul Quliyev kimi adamlar isə olub, olacaq. Görümüşük də. Ümumiyyətlə, o, Azərbaycana qayıtsa, eyni şeylər ola bilməz. Çünki əvvəlki zəmanə deyil. Düşünürlər ki, “nə istəsəm, edərəm, beş-on manat cibimə qoyub, gedib xaricdə yaşayaram, ağzımı qoyaram Allah yoluna, xalqın, Prezidentin arxasınca nə gəldi, danışaram, onsuz da məni aministə salacaqlar”. Buna getmək olmaz. Barmaqla göstərəcəklər ki, Rəsul Quliyev dövlətin arxasınca ağzına gələni danışdı, axırda da dedilər, “gəl, otur ölkədə”. Hər kəs danışdığı sözün, törətdiyi cinayətin cəzasını almalıdır. Nə olur-olsun, mən sözün düzünü danışıram. Rəsul Quliyevlə şəxsi problemim yoxdur. O, Zəminə Dünyamalıyeva ilə mənə xəbər göndərmişdi ki, Bilgəhdəki yer üçün Hacı Qalib pul versin. Sübut etsin ki, 10 manat göndərmişəm. Rəsul Quliyevə 10 manat pul versəydim, özümü hazırda çox pis adam hesab edərdim, çünki mən dövlətin düşmənini, xəyanət edən adamı maliyyələşdirmiş olardım. Adam kişi kimi dolanmalıdır. Heç vaxt belə alçaq işlərə getmək olmaz. Mən Heydər Əliyevin “çörəyini” yemişəm. Azərbaycan Xalq Cəbhəsi vaxtında məni tutub, 7 ay yarım həbsxanaya salmışdılar. Heydər Əliyev məni həbsxanalardan buraxdırıb. Mən belə yaxşılıqları unuda bilmərəm. Adam gərək kişi olsun. Rəsul Quliyevə isə rəhm etdilər ki, səhv etmisən, çıx get. Buraxdılar, gedib oturdu xaricdə, başladı Heydər Əliyevin, dövlətin arxasınca danışmağa. Hələ başqa şeyləri demək olmur. Yəni Rəsul Quliyev etdiklərinin cəzasını çəkməsə, bu, pis nəticə verər. Pul oğurlayıb aparıb və s. - bunlar başqa şeylərdir. Söhbət bundan getmir. Dövlətin arxasından danışmaq, Konqresdə görüşlər keçirmək... Kim öyrətdi səni? Rəsul Quliyevi kim “remont” etdi, düzəldi? Belə şey ola bilməz. Bu adam istəyir ki, gəlib Azərbaycanda çevriliş etsin, biz də özümüzü qoyaq bilməzliyə? Belə olmaz axı. Rəsul Quliyev barədə elə şeylər bilirəm ki. Danışsam, nə qədər adamı sorğu-suala çəkərlər ki, sən Hacı Qalibə belə demisən. Arxayın olun, mənə isə heç nə deyən olmayacaq. Rəsul Quliyevin Azərbaycana qarşı hansı hərəkətlər etdiyini bilirəm...”, - o deyib. 


 


Chosen
180
50
news24.az

10Sources