İlham Yadullayevin rəhbərlik etdiyi komanda srağagün turnirdə ilk oyununu meydan sahiblərinə qarşı keçirib. U-17 də özündən böyük yaş qrupu üzrə yığmaların “ənənəsini uğurla davam etdirib”. Belaruslar bizimkilərin qapısından nə az, nə çox – 4 cavabsız qol keçirib. Dünən İlham bəylə əlaqə saxlamaqda məqsədimiz darmadağının səbəbini öyrənmək idi:
“Təbii ki, 0:4 məğlub olmaq bir qədər ağır gəlir. Oyuna baxdım, təhlil etdim. Düşünürəm ki, təzyiqə dözmürük. Rəqib bizə təzyiq edirdi, biz də təzyiq altından çox çətinliklə çıxırdıq. Sadəcə, çalışmalıyıq ki, belə oyunlarda təzyiqə məruz qaldığımız vaxt anında təzyiq altından çıxa, hücumlarımızı qura bilək. İkinci hissənin 15-ci dəqiqəsindən sonra oyunçular daha maraqlı oynadılar, qol imkanları da yaratdıq. Çox təəssüf ki, fürsətlərdən yararlana bilmədik. Amma deyərdim ki, hesab da oyuna görə deyildi. Biz elə bilirdik ki, təbii meydançada oynayacağıq. Ona görə də məşqimizi Mərdəkanda - təbii otda keçdik. Bura gələndə isə hava şəraiti çox soyuq idi, sulu qar yağırdı. Buna görə də oyunu keçirdilər suni meydançaya. Bu, əsas səbəb deyil, amma təbii otda məşq edib, suni ota keçəndə oyun bir qədər ağır olur”.
Turnirdə srağagün keçirilən digər oyunda Özbəkistan Tacikistana 2:1 hesabıyla qalib gəlib. Ölkəmizin U-17 yığması bu gün saat 16.00-da Özbəkistan, aprelin 28-i, saat 13.00-da isə Tacikistan yığması ilə görüşəcək.
ELMİN