EN

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Abşeron-Xızı

Bakı, 25 aprel, AZƏRTAC

Abşeron -Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə 1 şəhər və 2 rayonda 11 alternativ qeydiyyat mərkəzi yaradılıb.

İdarədən AZƏRTAC-a bildirilib ki, özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə (iş günləri ərzində saat 10:00-dan 17:00-dək) müvafiq mərkəzlərdə yaradılmış işçi qrupları tərəfindən zəruri kömək göstəriləcək.

Eyni zamanda, valideynlər Sumqayıt “ASAN xidmət” mərkəzində ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu qeydiyyatı ilə bağlı fəaliyyət göstərən təhsil xidmətindən yararlana bilərlər.

Həmçinin valideynlər (və ya qanuni nümayəndələr) digər bütün hallarla bağlı “mektebeqebul.edu.az” elektron portalında “Şəxsi kabinet”lərindəki “Əlaqə” bölməsi vasitəsilə müraciət ünvanlaya bilərlər.

Qeydiyyatla bağlı suallar yaranarsa, Abşeron-Xızı Regional Təhsil İdarəsinin Çağrı Mərkəzinin “146-0-1” nömrəli telefonuna zəng etmək olar.

Qeyd edək ki, mayın 1-dən 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək. Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.

 

Chosen
21
4
azertag.az

7Sources