EN

Bakıda tarixi binaya müdaxilə edilib?

Bakının mərkəzində yerləşən tarixi binaya müdaxilə edildiyi iddia olunur. Bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.

Söhbət Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən binadan gedir. Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alındığını əks etdirən, üzərində inventar nömrəsi olan lövhə vurulmuş, 1912-ci ilə aid binaya iri reklam lövhəsi bərkidilib. 

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə sorğu ünvanladıq. Xidmətin rəsmisi Fariz Hüseynli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən bina xüsusi mülkiyyətdədir: 

“Abidələrin üzərində reklam qurğularının yerləşdirilməsi “Reklam haqqında” Qanun və digər normativ hüquqi aktlarla tənzimlənir. Mövcud qanunvericilik aktlarına əsasən, tarixi abidələrin bədii-estetik görünüşünü pozan, onların bütövlüyünə, dayanıqlılığına xələl gətirən hər hansı reklam və ya məişət qurğularının vurulması qadağandır. Təqdim edilən şəkildəki abidəyə vurulan reklam lövhəsinin isə binanın qapı hissəsi üçün ayrılmış divar oyuğunun çərçivə hissəsinə yerləşdirildiyi və binanın hər hansı memarlıq elementinin üzərini örtmədiyi görünür”.

Bununla yanaşı, F.Hüseynli əlavə edib ki, sözügedən abidəyə təkrar baxış keçiriləcək.

 

Chosen
31
15
hit.az

10Sources