EN

Qaradağ rayonunda Heydər Əliyevin 101 illiyi ilə əlaqədar Bilik olimpiadası keçirilib

Mayın 3-də Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Ə.Əmirov adına Mədəniyyət Sarayında Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı “Kainat” Tədris Mərkəzi ilə birlikdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda Bilik olimpiadası keçirib.

Qaradağ rayonunda yerləşən bütün ümumtəhsil müəssisələrini əhatə edən Olimpiadada 350-dən çox yuxarı sinif şagirdi iştirak edib.

Olimpiada iştirakçılarını salamlayan YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov bildirib ki, müasir Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü hazırda ölkəmizin hər yerində, o cümlədən Bakının Qaradağ rayonunda geniş qeyd edilir. Bu gün keçirilən Bilik olimpiadasının əsas məqsədi Ulu Öndər Heydər Əliyevin irsini geniş təbliğ etmək, şagirdlərə vətənpərvərlik hissləri aşılamaq, onları dövlətçilik və milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə etməkdir. Həmçinin Qaradağ rayonunda yaşayan bilikli, bacarıqlı və istedadlı şagirdləri aşkar etməkdir.

F.Qurbanov əlavə edib ki, test üsulu ilə keçiriləcək olimpiadanın qalibləri Qaradağ rayon İcra Hakimiyyətinin, YAP Qaradağ rayon təşkilatının və “Kainat” Tədris Mərkəzinin diplomları və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Olimpiadanın Əsasnaməsi və keçirilmə qaydaları haqqında məlumat verən “Kainat” Tədris Mərkəzinin direktoru Məlahət Budaqova iştirakçılara uğurlar arzulayıb.

Chosen
56
1
sia.az

2Sources