EN

Xaricdə ali təhsil almış 189 nəfər imtahandan keçdi

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 4-də müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirib. 

DİM-dən Yenisabah.az-a bildirilib ki, imtahan vermək üçün qeydiyyatdan keçmiş 466 nəfərdən 40-I imtahana gəlməyib. Ərizəçi tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda imtahanın nəticələrinə dair arayış təqdim olunub. İmtahanda 189 nəfər müvəffəqiyyət əldə edib.

Qeyd edək ki, imtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunub. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün 15 və ya daha yuxarı bal toplaması tələb olunur.

İmtahanın məzmunu ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər mayın 7-8-də saat 14:00-dan 17:00-dək DİM-də (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) ərizə yazmalıdırlar. Ərizəyə ali təhsil haqqında diploma əlavənin (transkriptin) surəti də əlavə edilməlidir.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu Agentlik tərəfindən aparılıb. 


Telegram kanalımız
Chosen
134
11
yenisabah.az

10Sources