EN

DTX ermənilərin təyyarələrə yaratdıqları radiomaneələrlə bağlı MƏLUMAT YAYDI - VİDEO

Azərbaycan Respublikasının Qarabağ bölgəsində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ölkənin hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə və xarici aviaşirkətlərə məxsus mülki hava gəmilərinin naviqasiya sistemlərinə qarşı radiomaneələr tətbiq edilmiş və bu barədə dəfələrlə beynəlxalq ictimaiyyətə məlumatlar verilmişdir.

32gun.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.

2021-2023-cü illər ərzində belə radiomaneələrin tətbiqinin intensivləşməsi həmin ərazilərin yaxınlığında yerləşən radar stansiyalarına qlobal naviqasiya peyk sistemlərindən siqnalların daxil olmasında fasilələrin yaranması, siqnalların qəbuluna maneələrin törədilməsi, habelə Qarabağ bölgəsi ətrafında uçan mülki hava gəmilərində naviqasiya siqnallarının itməsi ilə müşayiət olunmuş və bununla da mülki təyyarələrin idarə edilməsinin müvəqqəti itirilməsinə və aviasiya qəzalarına səbəb ola biləcək çoxsaylı cinayət faktları qeydə alınmışdır.

Azərbaycanın Qarabağ bölgəsində qanunsuz erməni silahlı birləşmələrinin törətdikləri terrorçuluq və digər cinayətlərin araşdırılması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işinin istintaqı zamanı, lokal xarakterli antiterror tədbirləri nəticəsində tərksilah edilmiş sözügedən silahlı birləşmələrin sərəncamında olmuş digər xüsusi texniki vasitələrlə yanaşı, xaricdə istehsal olunan “Роlе-21M”, həmçinin yük avtomobillərinin bazası üzərində qurulan “Repellent-1” tipli və kustar üsulla quraşdırılmış radioelektron mübarizə kompleksləri də aşkar edilmişdir.

Taktiki-texniki göstəricilərinə əsasən, “Pole-21M” kompleksinin 150 km-dək məsafədə yerləşən obyektlərə “GPS”, “QLONASS”, “Galileo”, “BeiDou” və sair tipli peyk naviqasiyası sistemlərindən daxil olan siqnalların məhdudlaşdırılması və radiomaneələrin yaradılması üçün istifadə edildiyi müəyyən olunmuşdur.

“Repellent-1” kompleksindən havada olan obyektlərin radiorabitə vasitələrinin idarəetmə və məlumat ötürmə kanallarının siqnallarının 35 km-dək məsafədə aşkarlanaraq fəzada yerinin, istiqamətinin, sürətinin təyin edilməklə izlənilməsi, idarəetmə və naviqasiya sistemlərinin işinə radiomaneə yaradılması, eləcə də kustar üsulla quraşdırılmış radioelektron mübarizə komplekslərindən obyektlərə “GPS” və “QLONASS” naviqasiya peyklərindən daxil olan siqnalların məhdudlaşdırılması və radiomaneələrin yaradılması istiqamətində istifadə olunduğu təsbit edilmişdir.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir.

 



 

Chosen
1038
21
32gun.az

10Sources