EN

“Heydər Əliyev irsi: milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” -FOTO

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

“İki sahil” xəbər verir ki,  mayın 10-da Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev irsi: milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” mövzusunda tədbir keçirilib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edən  YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tədbir iştirakçılarını salamlayıb və müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbirə qatıldıqları üçün təşəkkürünü bildirib. Tahir Budaqov qeyd edib ki, müasir dövlətçilik tariximizin taleyüklü məqamları və ən böyük uğurları, heç şübhəsiz, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır: “Müdrik dövlət xadimi fəaliyyətinin bütün mərhələlərində milli maraqların qorunmasına, mənəvi dəyərlərin və dövlətçilik ənənələrinin yaşadılmasına xidmət edən misilsiz işlər görmüş və Azərbaycanın tərəqqisini təmin etmişdir. SSRİ dövründə Heydər Əliyevin respublikamıza rəhbərliyi zamanı görülən işlər ölkəmizin hərtərəfli inkişafının əsasını qoymuş, həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır. Ümummilli Liderimizin Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Sədri kimi fəaliyyəti də müasir dövlətçilik tariximizin ən mühüm səhifələrindəndir. O, həmin dövrdə blokada şəraitində olan muxtar respublikanı ağır sosial-iqtisadi vəziyyətdən xilas edərək dirçəlişinə nail olmuş, müstəqillik ideyası əsasında gələcək milli inkişafın siyasi-ideoloji təməllərini formalaşdırmışdır. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər isə Azərbaycanın ən yeni tarixinə müstəqil dövlət quruculuğu, sosial-iqtisadi inkişaf və siyasi yüksəliş dövrü kimi həkk olunmuş, bugünkü tarixi uğurlarımızın, o cümlədən möhtəşəm Zəfərimizin fundamental əsasları yaradılmışdır”.

YAP Sədrinin müavini bildirib ki, müasir Azərbaycanın bugünkü reallığı Ulu Öndərin milli və bəşəri məzmunlu ideyalarının əbədiyaşarlığını aydın ifadə edir: “Heydər Əliyev irsini müasir çağırışlara uyğun zənginləşdirərək varislik prinsipi əsasında uzaqgörən və məqsədyönlü siyasət həyata keçirən Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev xalqımıza şanlı dövlətçilik tarixinin ən möhtəşəm uğurlarını qazandırmışdır. Bu nailiyyətlərin zirvə nöqtəsi isə 30 il ərzində Ermənistanın işğalı altında qalmış torpaqlarımızın azad edilməsi və ölkəmizin suverenliyinin bərpasıdır. Ulu Öndərin müəyyənləşdirdiyi bütün strateji hədəflər reallığa çevrilir, ölkəmizin qarşısında yeni perspektivlər açılır. Azərbaycanın beynəlxalq mövqeyi, o cümlədən tarixi Zəfərimizin əsasları möhkəmləndirilir, Qarabağda və Şərqi Zəngəzurda aparılan nəhəng quruculuq işlərinə paralel olaraq Böyük Qayıdış prosesi uğurla həyata keçirilir, Azərbaycanın milli gücü gündən-günə artır. Bir sözlə, mövcud reallıqlar bir daha təsdiq edir ki, Heydər Əliyev yolu Azərbaycanın yüksəlişinin alternativsiz əsaslarını təşkil edir, onun zəngin dövlətçilik irsi və əbədiyaşar ideyaları gələcək uğurlarımıza yol açır”.

Tahir Budaqov söyləyib ki, Heydər Əliyevin tarixiliklə müasirliyin vəhdətini yaradan ideyalarının tədqiqi və təşviqi qarşımızda duran çox mühüm vəzifədir: “Ümummilli Liderin ideyaları əsasında Azərbaycana tarixi uğurlar qazandıran, onun dövlətçilik irsini yaşadan, xalqın inam və etimadını doğruldaraq yeni və müstəqil Azərbaycan quruculuğunu təmin edən Yeni Azərbaycan Partiyası bu istiqamətdə ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. Bu gün biz Ulu Öndərin zəngin dövlətçilik irsinin yaşadılması məqsədilə və onun əziz xatirəsinə sonsuz ehtiram əlaməti olaraq yaradılmış Heydər Əliyev Fondunun 20 illiyini də qeyd edirik. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond adını daşıdığı dahi şəxsiyyət, müdrik dövlət xadimi Heydər Əliyevin əbədiyaşar ideyalarının tədqiqi və təşviqinə, siyasi irsinin xalqımızın milli-mənəvi sərvəti kimi gələcək nəsillərə ötürülməsinə dəyərli töhfələr verir. İstər ölkəmizdə, istərsə də respublikamızın hüdudlarından kənarda çoxşaxəli fəaliyyət göstərərək səmərəli layihələr reallaşdıran Heydər Əliyev Fondu həm yeni cəmiyyət quruculuğu və respublikamızın davamlı inkişafında, həm də Azərbaycanın müsbət beynəlxalq imicinin möhkəmlənməsində müstəsna rol oynayır. Heydər Əliyev Fondunun irəli sürdüyü təşəbbüslər və həyata keçirdiyi layihələr cəmiyyətimizin yaradıcı və intellektual potensialının inkişafına, mənəvi dəyərlərin qorunub yaşadılmasına, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə, milli həmrəyliyin güclənməsinə, xeyirxahlıq, humanizm kimi ali dəyərlərin və mədəniyyətlərarası dialoqun təşviqinə, eləcə də Azərbaycan reallıqlarının beynəlxalq müstəvidə geniş təbliğinə xidmət göstərir. Xüsusilə də, möhtəşəm Zəfərimizin əsaslarının möhkəmləndirilməsi, işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində görülən işlər xalqımızın öz keçmişinə sadiqliyini və gələcəyə inamlı baxışını ifadə edir, onun qurub yaratmaq əzmini və bütövlükdə Azərbaycanın qüdrətini dünyaya nümayiş etdirməklə həm ölkəmizdə, həm də beynəlxalq arenada olduqca yüksək qiymətləndirilir”.

Tahir Budaqov diqqətə çatdırıb ki, Azərbaycan Ulu Öndərin siyasi varisi cənab İlham Əliyevin liderliyi ilə müasir dövlətçilik tarixinin möhtəşəm nailiyyətlərlə zəngin olan şərəfli bir dönəminə yekun vuraraq yeni dövrə qədəm qoymuşdur: “Dövlət başçısının qeyd etdiyi kimi, “biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq”. Artıq yeni çağırışlar və reallıqlar fonunda ölkəmizin qarşısında növbəti strateji hədəfləri gerçəkləşdirmək vəzifəsi durur. Cari ilin fevral ayında keçirilmiş Zəfər seçkisinin də təsdiqlədiyi kimi, Azərbaycan xalqı yeni dövrdə də qarşıda duran məqsədləri məhz İlham Əliyevin rəhbərliyi ilə reallaşdırmaq əzmindədir. Şübhə yoxdur ki, ölkə başçısı, partiyamızın Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Heydər Əliyev ideyalarına əsaslanan siyasəti tərəqqi və Zəfər yolunda inamla irəliləyən Azərbaycana bundan sonra da möhtəşəm nailiyyətlər qazandıracaq, milli maraqlarla bəşəri dəyərlərin vəhdətini özündə əks etdirən Heydər Əliyev irsi ölkəmizə yeni qələbələr bəxş edəcəkdir”.

Sonra Yeni TV-nin hazırladığı “Heydər Əliyev irsi: milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” filmi nümayiş etdirilib.

Tədbirdə çıxış edən YAP Sədrinin müavini, Baş nazirin müavini Əli Əhmədov bildirib ki, xalqımız Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərini böyük coşqu və ehtiramla qeyd edir: “Bu, bir tərəfdən, xalqımızın Heydər Əliyevə, onun şəxsiyyətinə və tarixi xidmətlərinə verdiyi böyük qiymətin təzahürüdür, digər tərəfdən isə, xalqın milli dövlətçiliyə ehtiramının ifadəsidir. Heydər Əliyevin qurduğu müasir müstəqil Azərbaycan ötən illər ərzində daha qüdrətli dövlət olub, daha güclü ölkə kimi dünya birliyində özünü təsdiq edib. Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə görülən işlərə, xalqımızın həyatında baş verən əsaslı dəyişikliklərə nəzər salsaq, bu fikri təsdiqləyən kifayət qədər faktlar söyləmək mümkündür”.

“1993-cü ilə qədərki və ondan sonrakı Azərbaycan gözlərimiz qarşısındadır. 1990-cı illərin əvvəlində respublikamızda böhran hökm sürürdü. Belə bir şəraitdə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı zərurətə çevrildi. O zamana qədər xalq Heydər Əliyevi qurucu Lider kimi qəbul edirdisə, bu dəfə Ulu Öndər xilaskarlıq missiyasını  yerinə yetirdi. Xaos, anarxiya, ümidsizlik içərisində olan, dərin böhran keçirən Azərbaycanda məhz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra, Onun  qətiyyətli islahatlar strategiyası nəticəsində əmin-amanlıq bərqərar olundu, dinamik inkişaf təmin edildi” ,- deyə Əli Əhmədov vurğulayıb.

Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən danışan YAP Sədrinin müavini söyləyib ki, Azərbaycanın uğurlu inkişafı məhz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində təmin edilib: “Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri o qədər böyükdür ki, Heydər Əliyevin xatirəsi hər gün, hər zaman ehtiramla və minnətdarlıqla anılır. Azərbaycanın hər bir guşəsində Heydər Əliyevin izi görünür, hər bir sahənin inkişafında Ulu Öndərin müəyyənləşdirdiyi siyasət özünü göstərir. Bu gün Azərbaycan Heydər Əliyev ideyaları əsasında uğurla, qürurla inkişaf edir. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət Azərbaycan xalqına xidmət edir”.

Əli Əhmədov söyləyib ki, bu gün Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun sözlərinə görə, hazırda Azərbaycan güclü, qüdrətli, beynəlxalq aləmdə nüfuzlu bir dövlətə çevrilib: “Azərbaycan dövlətinin möhkəm təməllər üzərində qurulmasının nəticəsidir ki, daha da güclənirik, beynəlxalq müstəvidə ölkəmizin nüfuzu daha da artır. Bu gün ölkəmizlə hesablaşırlar. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası dövlətimizin gücünü daha da artırıb. Qazanılan möhtəşəm nailiyyətlər göstərir ki,  Heydər Əliyev siyasəti bundan sonra da uğurla davam etdiriləcək. Ümummilli Lider Heydər Əliyevin ideyaları daim yaşayacaq və Azərbaycana möhtəşəm uğurlar qazandıracaq”.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə çıxışında bildirib ki, xalqımızın böyük Öndərimizə sonsuz məhəbbətinin ciddi əsasları var: “Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında xidmətləri misilsizdir. Azərbaycanın gələcək müstəqilliyi üçün zəmin hazırlayan böyük dövlət xadimi hələ SSRİ dönəmində milli ruhun və azərbaycançılığın sovet ideologiyası çərçivəsində sıxışdırılmasının qarşısını almaqla onun dirçəldilməsi istiqamətində mühüm işlər görmüşdü. Nəticə etibarilə, Azərbaycan xalqı müstəqilliyinə qovuşdu, Heydər Əliyev müstəqilliyimizin memarı kimi milli dövlətçilik tariximizə öz möhürünü vurdu”.

Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətinin haqq səsini bütün dünyaya çatdırdı, müstəqil dövlətçiliyin siyasi, iqtisadi əsaslarını yaratdı, xalqın güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirdi, adını qızıl hərflərlə bəşər tarixinə yazdırdı: “Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, milli-mənəvi yüksəliş, azərbaycançılıq ideyalarının bərqərar olması, gələcək inkişaf üçün güclü və möhkəm əsasların yaradılması Ümummilli Liderin zəngin təcrübəyə, parlaq zəkaya və üstün liderlik qabiliyyətinə əsaslanan siyasəti nəticəsində mümkün oldu”.

YAP İdarə Heyətinin üzvü qeyd edib ki, Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə daim milli maraqlarımızın, milli-mənəvi dəyərlərimizin qorunmasına çalışıb. Eyni zamanda, Ulu Öndər gənclərimizi milli-mənəvi dəyərlər, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi.

Pərvin Kərimzadə deyib ki,  bu gün Heydər Əliyev yolunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin siyasətində milli maraqlarımızın və mənəvi dəyərlərin qorunması başlıca yer tutur. Məhz bunun nəticəsidir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə xalqımızın sarsılmaz birliyi sayəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olundu.

Heydər Əliyev ideyalarının xalqımızın milli-mənəvi sərvəti olduğunu söyləyən P.Kərimzadə “Ulu Öndərin zəngin mənəvi irsini, Onun ideyalarını gənc nəsillərə aşılamaq, Ümummilli Liderin qurub yaratdığı müstəqil Azərbaycanın çiçəklənməsində yaxından iştirak etmək bu il yaranmasının 20 illiyini qeyd edən Heydər Əliyev Fondunun fəaliyyətinin də əsas qayəsini təşkil edir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Ulu Öndərin zəngin irsini, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq istiqamətində genişmiqyaslı fəaliyyət göstərir. Bütövlükdə, Heydər Əliyev irsi milli maraqlarımızla bəşəri dəyərləri vəhdət olaraq özündə ehtiva edir”,- deyə vurğulayıb.

Çıxış edən  Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki,  Azərbaycan adlı məmləkət nə qədər mövcuddursa, Ulu Öndər  Heydər Əliyevin yaratdığı tarix də bizimlə yaşayacaq: “Bu, XX əsrin ikinci yarısında Azərbaycanın milli, mənəvi, mədəni, siyasi, iqtisadi həyatında Heydər Əliyevin dönüş yaratdığı tarixdir”.

Sadiq Qurbanov söyləyib ki, Heydər Əliyev şəxsiyyətinin böyüklüyü həm də onda idi ki, O, dövlət quruculuğu prosesinin ardıcıllığını təmin edəcək əsasları formalaşdırdı, eyni zamanda, cənab İlham Əliyevin şəxsində Azərbaycanın yüksəlişinin daimiliyini təmin edəcək siyasi varisini də müəyyənləşdirdi: “Ötən 20 ildə Azərbaycanın hər bir uğuru göstərir ki, Prezident İlham Əliyev Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısıdır. Onun elmə əsaslanan və təcrübədən uğurla çıxan innovativ dövlət idarəçiliyi ölkəni müasir inkişaf göstəricilərinə görə liderlər sırasına çıxarıb”.

Bu gün dünyanın iqlim dəyişmələri fonunda ciddi təhlükələr qarşısında olduğunu deyən S.Qurbanov diqqətə çatdırıb ki, iqlim dəyişmələrinin törətdiyi fəsadların qarşısını almaq üçün milli və beynəlxalq səviyyədə bir çox tədbir həyata keçirilir: “İqlim dəyişmələrinə aid olan BMT-nin Çərçivə Konvensiyasına 195-dən çox ölkə qoşulub və onlar mütəmadi olaraq bu mövzuya həsr olunmuş qlobal əhəmiyyətli konfranslar keçirirlər. Xüsusi qeyd etməliyik ki, ətraf mühitin və ekoloji tarazlığın qorunmasına həssaslıqla yanaşan Azərbaycan qoşulduğu beynəlxalq sazişlərin tələblərinə ciddi şəkildə riayət edir. Azərbaycan Respublikasının enerji transformasiya sahəsində lider olması bu fəaliyyətlərin kompleks şəkildə həyata keçirilməsinin nəticəsidir. Bu səbəbdən COP29-un ölkəmizdə keçirilməsi təsadüfi deyil. COP29 ölkənin beynəlxalq səviyyədə keçirdiyi növbəti tədbirdir və onun uğurlu olacağına şübhə yoxdur”.

Sadiq Qurbanov qeyd edib ki, qazanılan uğurların kökündə dayanan amillər sırasında dövlət idarəetməsinin səmərəliliyi xüsusi qeyd edilməlidir: “Dövlət idarəçiliyi strukturunda Birinci vitse-prezidentlik institutunun formalaşması, bu vəzifədə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın məqsədyönlü və uğurlu fəaliyyəti yeni idarəçilik texnologiyalarının vacib elementidir. Prezident İlham Əliyevin yeni inkişaf strategiyasına uyğun olaraq dövlət idarəçiliyi sahəsində həyata keçirilən çoxşaxəli islahatlar sayəsində əldə olunan uğurlar onu deməyə əsas verir ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi ideoloji kurs  davam etdikcə, qədirbilən xalqımız Onun siyasi irsini yaşatdıqca, fəlsəfəsini dərk edərək siyasi varisliyi qoruyub saxladıqca Azərbaycan inkişaf möcüzəsi ilə dünyanı heyrətləndirməkdə davam edəcək”.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov  çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev bütün ömrünü öz ölkəsinə, xalqına sərf etmiş Liderdir. Ulu Öndərin müdrik siyasətinin, əzmkar fəaliyyətinin nəticəsində ölkəmiz öz müstəqilliyini təmin edib, bugünkü güclü və bütöv Azərbaycanın təməlləri atılıb. Onun sözlərinə görə, Ulu Öndər Azərbaycan gənclərinə hər zaman xüsusi diqqət göstərib, ölkə gəncliyinin yüksəkixtisaslı kadr kimi formalaşması, ölkənin gələcəyinin sağlam təməllər üzərində qurulması Onun siyasətində əsas prioritetlərdən olub.

YAP Gənclər Birliyinin sədri deyib ki, Heydər Əliyevin böyüklüyü və müdrikliyi sadəcə xilaskar olmasında deyildi: “O, işğala məruz qalmış, iqtisadiyyatı, təhsil sistemi, ictimai-sosial həyatı tamamilə dağıdılmış Azərbaycanın yenidən qurulmasını təmin etdi. Bunun nəticəsi idi ki, qısa zaman kəsiyində ölkəmiz dirçəldi, dövlət təsisatları yenidən quruldu, xalqın təhlükəsiz və rahat mühitdə yaşaması üçün addımlar atıldı. Bu mərhələ gələcəyin güclü və bütöv Azərbaycanına hazırlıq dövrü idi. Ümummilli Liderin gəncliyə verdiyi böyük qiymət bu dövrdə də öz aktuallığını qoruyurdu. Məhz Heydər Əliyevin ölkəmizdə gənclər siyasətinin əsasını qoyması ilə Azərbaycan gəncliyi öz xilas yolunu tapdı. Gənclərlə iş sahəsində atılan addımlar, qəbul olunan qərarlar sağlam, vətənpərvər və savadlı gəncliyin formalaşması üçün bünövrəyə çevrildi”.

Bəxtiyar İslamov qeyd edib ki, Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz inkişafının növbəti mərhələsinə qədəm qoydu. Ümummilli Liderin əsasını qoyduğu siyasət Prezident İlham Əliyevin Liderliyi ilə Azərbaycanı qalib, bütöv və güclü ölkəyə çevirdi. Bu yolda Azərbaycan gəncliyi daim öz Liderinin ətrafında bir yumruq kimi birləşdi. “2020-ci ildə Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan Zəfər məhz düşünülmüş siyasətin böyük uğuru idi. Həmin Zəfərlə başlayan yeni dövr ölkəmiz və xalqımız üçün yeni reallıqları da özü ilə bərabər gətirdi. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz tarixinin ən qüdrətli dövrünü yaşamaqdadır. Yeni reallıqlar təkcə regionumuzda yox, bütün dünyada Azərbaycanı ən yüksək pilləyə qaldırıb”,- deyən YAP Gənclər Birliyinin sədri əlavə edib ki, Ulu Öndər Heydər Əliyevin keçdiyi ömür yolu, cəsarəti, xalqına və ölkəsinə olan sevgisi Azərbaycan gəncliyi üçün ən böyük nümunədir. Məhz buna görə də hər bir gənc Ulu Öndərin zəngin dövlətçilik irsini daim öyrənməlidir.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Chosen
459
25
ikisahil.az

10Sources