“Ötən ilin oktyabrında Yaxın Şərqdə başlayan müharibə bu gün getdikcə genişlənir və İsrail tərəfi, xüsusilə də baş nazir Benyamin Netanyahu öz məqsədlərinə çatmaq üçün heç bir tənqidləri qəbul etmək istəmir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Siyasi təhlilçi İsrailin Qəzzada apardığı əməliyyatlar fonunda yəhudi dövlətinə qarşı böyüyən etirazlardan söz açıb.
Onun fikrincə, İsrail lideri bütün mövcud vəziyyətin döyüş meydanında həll olunmasının tərəfdarıdır.
“O cümlədən, Rəfahda əməliyyatların keçirilməsi ilə bağlı nə qədər neqativ fikirlər olsa da, rəsmi Təl-Əviv bu qərarı verdi. Hətta ABŞ belə İsrailin ən yaxın müttəfiqi, strateji tərəfdaşı olsa da, Vaşinqtonun fikirlərinə, demək olar ki, qulaq asılmadı. Bundan əlavə, ABŞ rəhbərliyi İsrailə silah təchizatında məhdudiyyətlərin tətbiq olunacağına dair fikirlər irəli sürsə də, İsrail sözügedən addımı atdı”, – deyə o əlavə edib.
İ. Hüseynova görə, bunun arxasında dayanan əsas məqam isə bundan ibarətdir ki, İsrail tərəfi yalnız əlinə düşən hazırkı fürsətdən maksimum istifadə etmək və bütün bölgəyə nəzarəti həyata keçirmək istəyir:
“Eləcə də, İsrail ümumilikdə regionda nəzarətini bərpa etməklə bölgəyə təhlükəsizlik zəmanəti vermək niyyətindədir. Bunlar Netanyahunun hakimiyyətini gücləndirə biləcək amillərdəndir. Çünki ona qarşı müxtəlif fikirlər mövcuddur və hakim “Likud” partiyasına qarşı müxalif qüvvələr fəaliyyət göstərməkdədir. ABŞ-nin özündə də tələbələrin çoxsaylı etiraz yürüşləri və mitinqləri baş vermişdi ki, bu da hazırkı əməliyyatların tənqid edilməsi ilə əlaqədar idi”.
Siyasi təhlilçi qeyd edib ki, bu gün BMT-də müzakirələrin keçirilməsi, eləcə də, Fələstinin BMT-nin üzvü olmasına dair səsvermənin keçirilməsi İsraili öz yolundan döndərmədi:
“Təl-Əviv administrasiyası çalışır ki, çox qısa müddət ərzində hərbi məqsədlərinə çatsın və bununla da bölgədə təhlükəsizlik təmin olunsun. Lakin şübhəsiz ki, bu təhlükəsizliyin təmin olunması qarşıdakı dövrdə yeni təhdidləri formalaşdıracaq və dünya birliyi tərəfindən İsrailə qarşı olan neqativ münasibət daha da arta bilər. ABŞ-nin isə İsraili hazırkı vəziyyətdə dəstəkləməsi demokratların hakimiyyətinə mənfi təsir göstərir. Nəzərə almaq lazımdır ki, payızda çox gərgin seçkilər keçiriləcək ki, bu da hazırkı hakimiyyətini qorumaq mübarizəsini aparan demokratlar üçün də bir sınaq olacaq”.
Rafi Müslümov