EN

ADNSU ilə AzMİ arasında “AzMİ Akademiya”nın yaradılması haqqında saziş imzalandı - FOTOLAR

Mayın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “20 may ümumdünya metrologiya günü” münasibətilə “Dəqiq ölçmələr dayanıqlı yaşıl dünya naminə” mövzusuna həsr olunmuş V Beynəlxalq elmi-praktiki simpoziumun açılış mərasimi keçirilib. 
 
Moderator.az xəbər verir ki, simpozium çərçivəsində ADNSU ilə Azərbaycan Metrologiya İnstitutu (AzMİ) arasında “AzMİ Akademiya”nın yaradılması ilə bağlı saziş imzalanıb. 
 
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
 
Simpoziumda ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov iştirakçıları salamlayaraq Prezident İlham Əliyevin 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi və Azərbaycanın COP29-a ev sahibliyi ilə ölkədə bu istiqamətdə genişmiqyaslı və əhəmiyyətli işlər görüldüyünü deyib. ADNSU-da da il çərçivəsində müxtəlif tədbirlərin, o cümlədən, konfrans və simpoziumların keçirldiyini qeyd edən dosent Vazeh Əskərov ADNSU-nun İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan 3 qurum-Azərbaycan Metrologiya İnstitutu, Azərbaycan Standartlaşdırma İnstitutu, Azərbaycan Akkreditasiya Mərkəzi ilə sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib. Dosent Vazeh Əskərov simpozium çərçivəsində “AzMİ Akademiya”nın yaradılması barədə saziş imzalanmasının innovativ həllərlə tədrisin inkişafı istiqamətində birgə əməkdaşlığa mühüm töhfə verəcək növbəti addım olduğunu deyib və simpoziumun işinə uğurlar arzu edib.  
 
Sonra ADNSU və Azərbaycan Metrologiya İnstitutu arasında “AzMİ Akademiya”nın yaradılması barədə saziş imzalanıb. 
 
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin müdiri Xamis Seyranov çıxışında təmsil etdiyi qurumun fəaliyyətindən və ADNSU ilə uğurlu əməkdaşlıqdan danışıb. Bu əməkdaşlıq çərçivəsində birgə bir sıra uğurlu layihələrin icra olunduğunu deyən Xamis Seyranov “AzMİ Akademiya”nın yaradılmasının bu əlaqələrin yeni müstəvidə inkişafında, xüsusilə də metrologiya infrastrukturunun inkişafında xüsusi rolu olacağına əminliyini deyib. 
 
Konfransa onlayn formada qoşulan Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının  Milli Metrologiya İnstitutunun (TÜBİTAK UME) direktoru Mustafa Çetintaş və TÜBİTAK UME direktor müavini Ramiz Hamid simpoziumun əhəmiyyətindən danışıb və “AzMİ Akademiya”nın  yaradılması münasibəti ilə təbriklərini çatdırıblar.
 
Sonda ADNSU-nun “Cihaz mühəndisliyi” kafedrasının müdiri, simpoziumun həmsədri, professor Lalə Bəkirova Beynəlxalq simpoziumun yaşıl dünya quruculuğundakı rolu və əhəmiyyətindən danışıb. Beynəlxalq simpoziuma onlayn formatda Türkiyə, Qazaxıstan, Rusiya, Portuqaliya, Fransa və digər ölkələrdən 50-yə yaxın iştirakçı qoşulub. 
 
Simpozium yaşıl dünya naminə metrologiyanın bu günü və sabahı, yaşıl dünya konsepsiyalarında mexatronika mühəndisliyinə yeni yanaşma, müasir ölçmələrdə yaşıl texnolgiyalar və digər mövzularda çıxışlarla davam edib.
Chosen
290
50
moderator.az

10Sources