İran Prezidenti İbrahim Rəisinin ölümü daxili hesablaşmanın nəticəsi ola bilər.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu türkiyəli jurnalist, siyasi ekspert Fərman Karaçam deyib.
Analitik İranda baş verən helikopter qəzası ilə bağlı bir sıra məqamlara diqqət çəkib:
"Rəisi İran rəhbərliyinin iyerarxik strukturunda ikinci adam olsa da, dini lider Əli Xameneyinin əmrlərindən kənara çıxa bilməzdi. Bu səbəbdən onun təsiredici imkanları demək olar, yox idi. Əlbəttə, hüquqi və tətbiqi işlərdə bacarığı, analitik düşüncəsi Səudiyyə Ərəbistanı, Azərbaycan və bəzi qonşu dövlətlərlə qurduğu sıx əlaqələri, regional sülhə verdiyi önəmi inkar etmək olmaz", - ekspert bildirib.
Karaçam qeyd edib ki, bu, bəzi ölkələri narahat etsə də, Rəisini hədəfə gətirə biləcək faktor deyildi:
"Hesab edirəm ki, Rəisinin ölümü xarici faktorlardan çox, daxildən gələn ciddi və planlaşdırılmış sui-qəsd kimi yozula bilər. Görünür, bu, təsadüfi deyil. Çünki onun mindiyi helikopterin köhnə, baxımsız olmasını və başqa amilləri nəzərə alsaq, bu ehtimal digərlərindən daha güclü görünür".
Türkiyəli analitik vurğulayıb ki, nüvə dövlətinə çevrilmək ərəfəsində olan və Yaxın Şərqin üç ən böyük ölkəsindən biri olan İran bu hadisə ilə ciddi nüfuz itkisinə məruz qalacaq:
"Ən əsası, göyərtəsində Rəisi olan qəzaya uğrayan helikopterin qalıqları Türkiyədən havaya qalxan "Akıncı" PUA-ları tərəfindən tapıldı və bu, milyonlarla dünya ictimai rəyi tərəfindən izlənildi. Əminəm ki, İran bu məsələdə Türkiyədən kömək istəməkdən çox da məmnun deyildi. Amma İranın təxminən 15 saat ərzində öz ərazisində qəzaya uğrayan prezidentin olduğu helikopterə çata bilməməsi Tehranı çətin vəziyyətə saldı və bizdən kömək istəməyə məcbur oldu.
Türkiyə daxili və xaricdəki pis niyyətli rəqiblərinə müdafiə sahəsində mühüm qlobal aktor olduğunu nümayiş etdirdi.
Digər yandan, bütün dünyanın bir tərəfdən Amerika, digər tərəfdən İsraillə danışıqlarda olduğunu bildiyi İranın bu itkiləri region və dünyada heç nəyi dəyişməyəcək. Rəisi və Abdullahiyanın vəfatının dörd il əvvəl Bağdadda ABŞ tərəfindən vurulan Qasım Süleymaninin ölümü qədər təsirli olacağını düşünmürəm".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun