EN

Qazaxın 4 kəndi qaytarıldı: Azərbaycan hərb meydanında qələbəsini diplomatik sahədə davam etdirir - TƏHLİL

Qazax rayonunun 30 il işğal altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri bu gün rəsmən Azərbaycana geri qaytarıldı.

Bu razılaşma Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın 2024-cü il 19 apreldə əldə olunmuş razılaşma əsasında həyata keçirilib. Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və Qazax rayonunun 4 kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 kv. kilometr) Azərbaycana qaytarılması təmin edilib.

Bu gündən həmin kəndlərin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

Bu hadisənin çox böyük tarixi əhəmiyyəti var. Sovet İttifaqının 1991-ci ildə dağılmasından bəri ilk dəfə Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə razılığa gəlib. Artıq sərhədin 12,7 km uzunluğunda olan hissəsi şərti deyil, real sərhəd xəttidir və qarşılıqlı şəkildə tanınır.

Qazaxın 4 kəndinin 1 güllə atılmadan qaytarılması isə Azərbaycanın suverenliyinin təmin olunmasında daha bir önəmli addımdır.

Delimitasiya üzrə komissiyaların əldə etdiyi razılaşmanın icrası təkcə iki ölkə deyil, ümumilikdə Cənubi Qafqazın tarixində yeni səhifə açır, iki ölkə arasında etimad mühiti yaradır. Eyni zamanda, rəsmi Bakının sülh danışıqlarını və delimitasiya ilə bağlı prosesi vasitəçilərsiz, üçüncü tərəf olmadan aparılması təklifinin effektivliyini sübut edir.

Qeyd olunmalıdır ki, proses Azərbaycan tərəfinin irəli sürdüyü məntiqli və ədalətli təkliflər əsasında həyata keçirilir.

Bu tarixi hadisə də Azərbaycan Prezidenti İlham Əliyevin dövlət xadimik kimi aktivinə yazılmalıdır. Çünki məhz Azərbaycan Prezidentinin həm hərbi, həm də diplomatik sahədə müəyyən etdiyi xətlər üzrə inkişaf edən Azərbaycan dövləti, Azərbaycan Ordusu Azərbaycan xalqının dəstəyi ilə, Ali Baş Komandanın rəhbərliyi altında Ermənistanı beynəlxalq hüquqa hörmətlə yanaşmağa, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməyə vadar etdi.

Sözü və əməli həmişə üst-üstə düşən ölkə başçısının Qazaxın 4 kəndinin azad ediləcəyi ilə bağlı açıqlaması da reallaşdı. 1992-ci ildən Ermənistanın qanunsuz işğalına məruz qalan həmin kəndlər ölkə başçısının iradəsi ilə Azərbaycana qaytarıldı.

Hələ bu ilin yanvarında yerli televiziya kanallarına müsahibə verən dövlət başçısı Qazaxın anklav və qeyri-anklav 8 kəndi ilə bağlı mövqeyini açıq ortaya qoymuş, “O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır” demişdi.

Göründüyü kimi, Prezidentin müsahibəsində dedikləri 3 ay sonra reallığa çevrildi və Qazaxın qeyri-anklav 4 kəndi Azərbaycana qaytarıldı. Azərbaycan-Ermənistan sülh müqaviləsi və delimitasiya prosesi ilə bağlı aydın, ardıcıl və kompleks yanaşma sərgiləyən dövlət başçısı həmin müsahibəsində Qazaxın qeyri-anklav 4 kəndi barədə də danışmışdı.

“O kəndlər ki, anklav kəndlərdir, - çünki Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir, - həmin kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalıdır və o, müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır. Bu anklavlara gedən yollarda şərait olmalıdır və bu anklavlara orada yaşayan insanlar yerləşdirilməlidir”, Prezident Əliyev demişdi.

Ona görə yaxın vaxtlarda Azərbaycanla Ermənistanın delimitasiya komissiyalarının işini şərti sərhədin digər istiqamətlərində davam etdirəcəyi və Azərbaycanın anklav kəndləri ilə bağlı da bu günə qədər olduğu kimi, ədalətli həll yolu tapacağı şübhəsizdir.

Ermənistan hökumətinin də delimitasiya prosesi ilə bağlı son razılaşmalarda nümayiş etdirdiyi konstruktivliyi qeyd etmək lazımdır. Təbii ki, bu mövqe elə-belə yaranmayıb. Bunun birinci şərti Azərbaycanın daim beynəlxalq hüquqa, ədalətə, dövlətlərarası münasibətlərə əsaslanmasıdır. İrəvan artıq anlamağa başlayıb ki, Azərbaycanın istəkləri və tələbləri haqlıdır, əsaslıdır, müvafiq sənədlərə, imzalanmış razılaşmalara bağlıdır. İrəvan onu da anlamağa başlayıb ki, Azərbaycan haqlı tələbi yerinə yetirilməyəcəyi təqdirdə, onu başqa yollarla alır və alacaq. 2020-ci ilin payızından bu yana baş verənlər bunun əyani sübutudur.

Ümid etmək olar ki, Ermənistanın bu konstruktivliyi Azərbaycanla imzalanacaq sülh müqaviləsinə və şərti sərhədin digər istiqamətlərində aparılacaq delimitasiya və demarkasiya işlərinə də müsbət fon verəcək. Bu kontekstdə Ermənistan hökumətinin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsi - Zəngəzur dəhlizinin açılması, eyni zamanda Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı müddəaları Konstitusiyasından çıxarması münasibətlərin daha da inkişafına töhfə olardı.

Şübhəsiz ki, Qazaxın 4 kəndinin dinc yolla qaytarılması Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın 44 günlük Vətən Müharibəsi, 2022-ci ilin sentyabr döyüşləri və 2023-cü ilin sentyabrında Qarabağda həyata keçirdiyi anti-terror tədbirləri ilə əldə etdiyi zəfərin davamıdır.

Son proseslər bir daha göstərdi ki, Azərbaycan bir qarış torpağını belə heç kimə güzəştə getməyəcək.

Qarşıda isə Azərbaycanın suverenliyinin daha da möhkəmləndirilməsi, Ermənistanla sülh müqaviləsinin imzalanması, delimitasiya və demarkasiya prosesinin müsbət davamı var.

APA Analytics

Chosen
70
50
apa.az

10Sources