EN

Xarici siyasətLondonda “Diplomat” jurnalında ADR-in nailiyyətləri barədə məlumat verilib

Müstəqilliyinin 106-cı ildönümündə regionda sülhü təmin etmək, qlobal iqlim fəaliyyətinə dəstək vermək, mədəniyyətlərarası dialoqun təşviqi Azərbaycanın gündəmindədir.

Azərbaycanın Böyük Britaniyadakı Səfirliyindən “Report”a verilən məlumata görə, bu fikirlər Londonda nəşr olunan “Diplomat” jurnalında ölkəmizin Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanovun 28 May - Müstəqillik Günü münasibətilə məqaləsində yer alıb.

Məqalədə Azərbaycan Demokratik Respublikasının və onun hüquqi varisi olan Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlər barədə məlumat verilib. Müstəqilliyinin 106-cı ilində Azərbaycan beynəlxalq birliyin məsuliyyətli üzvü olaraq qlobal sülhün və təhlükəsizliyin təmin olunmasına fəal töhfə verməsi vurğulanıb.

Bu il Azərbaycanın COP29 konfransına sədrlik etməsilə bağlı qarşıya qoyulmuş hədəflər barədə məlumat verilib. Milli və beynəlxalq səviyyədə Azərbaycanın iqlim dəyişikliyi fəaliyyətinə dəstək nümayiş etdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü ili “Yaşıl Dünya naminə Həmrəylik İli” elan etdiyi vurğulanıb. Yaşıl enerjiyə keçidlə bağlı regionda lider olan Azərbaycanın 2050-ci ilə qədər Qarabağ və Şərqi Zəngəzur İqtisadi Zonalarını və Naxçıvan Muxtar Respublikasını xalis sıfır emissiya zonalarına çevirməyi planlaşdırdığı bildirilib.

Həmçinin bildirilib ki, hazırda Azərbaycan və Ermənistan sülhə həmişəkindən daha yaxındır və 30 illik şiddətli münaqişədən sonra regionda qarşıdurma səhifəsini çevirmək və davamlı sülh üçün çalışmağın zamanıdır.

Səfir məqaləsində etibarlı tərəfdaşlar olan Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli münasibətlərin hər gün daha da gücləndiyini qeyd edib. İqlim dəyişikliyi ilə bağlı zəngin təcrübəsini Azərbaycanla bölüşməyə hazır olduğu üçün Britaniya tərəfinə təşəkkür ifadə olunub. Öz növbəsində Azərbaycanın bütün tərəfdaşlarla, o cümlədən Böyük Britaniya ilə iqlim fəaliyyətini qarşılıqlı şəkildə gücləndirmək və bu ilin sonunda COP29 konfransını uğurla keçirmək üçün əməkdaşlığa hazır olduğu diqqətə çatdırılıb.

Chosen
159
6
far.az

10Sources