EN

Norveçdə vikinqlər dövrünə aid nadir qılınc tapılıb

Bakı, 9 iyun, AZƏRTAC

Norveçin Roqaland cənub-qərb qraflığındakı Suldal bələdiyyəsində yaşayan mühəndis və ailə təsərrüfatının sahibi Eyvind Tveytane Lovr öz sahəsində qeyri-adi tapıntı aşkar edib. Halbuki, onun qeyri-adi olduğunu o, daha sonra bildi. Tapdığı əşyanı metal parçası hesab edən Eyvind onu qanunvericiliyin tələbinə uyğun olaraq qraflığın regional şurasına təhvil verib.

AZƏRTAC Roqaland regional şurasının rəsmi saytına istinadla xəbər verir ki, artefaktı araşdırdıqdan sonra ekspertlər belə qənaətə gəliblər ki, “dəmir parçası” vikinqlər dövrünə aid dəmir qılıncdır və eramızın 900-1050-ci illərinə aid edilir.

“Bu, çox nadir hadisədir. Qılınc vikinqlər dövründə ən yüksək status rəmzi idi, qılınc gəzdirmək imkanı üstünlük hesab olunurdu. Biz arxeoloqlar buna oxşar əşyalara o qədər də tez-tez rast gəlmirik”, – deyə 25 illik arxeoloji tədqiqatlar zamanı heç vaxt bu cür tapıntılarla üzləşmədiyini etiraf edən regional şuranın mədəni irs şöbəsinin əməkdaşı Lars Sögard Sörensen qeyd edir.

Qılıncın uzunluğu 37 santimetrdir, onun bir hissəsi mövcud olmasa da, indiyə qədər yaxşı vəziyyətdə qalıb. Halbuki, Roqalandda qılıncların salamat qalması üçün şərait Şərqi Norveç, Tröndelaq və Şimali Norveçdən daha pisdir.

Artefaktın formasını daha yaxşı görmək üçün Stavanger Arxeoloji Muzeyin tədqiqatçıları onu rentgen vasitəsilə skan ediblər. Şəkildə kəsici hissənin üstünə həkk olunmuş yazı kimi görünən bir şey aşkar edilmişdi, buna görə də alimlər ehtimal ediblər ki, bu, məşhur VLFBERHT qılıncı – orta əsr silahının xüsusi silahı ola bilər.

“Bu yüksək keyfiyyətli qılınclar Frank imperiyasında (müasir Almaniyanın ərazisi – Red.) işlərinə “imza atan” məşhur Ulfbert ustası tərəfindən düzəldilib, – deyə Stavanger Universitetinin arxeologiya professoru Ziqmund Erl izah edir: “Qılıncı ilk dəfə gördükdə çox sevindik, axı biz vikinqlər dövrünə aid qılıncları o qədər də tez-tez tapmırıq. Rentgen təsviri gördükdə isə daha çox sevindik: tiyədə yazının olmasını heç gözləmirdik”.

Avropada vikinqlər dövrünə aid 4 minə yaxın qılıncın tapılmasına baxmayaraq, onlardan yalnız 170-ə yaxın qılıncda Ulfbert tərəfindən həkk edilən yazı var. Onlardan qırx beşi Norveçdə aşkar olunub. Lovrun tapıntısı məşhur silah ustasının Roqaland qraflığında tapılan ilk qılıncı oldu.

Chosen
238
5
azertag.az

6Sources