Husilərin Ədən körfəzində hücum etdiyi gəmilərdə baş verən yanğın lokallaşdırılıb
Raketlə vurulmasından sonra Ədən körfəzində gəmidə yanğın başlayıb. AYNA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Koordinasiya Mərkəzi (UKMTO) “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Qeyd olunub ki, hadisə baş verən zaman gəmi Yəmənin Ədən şəhərindən 70 dəniz mili aralıda olub.
Gəmi kapitanının sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Gəmi limana doğru hərəkət edir.
Britaniyanın dəniz təhlükəsizliyi şirkəti “Ambrey”in verdiyi məlumata görə, raket atəşi nəticəsində daha bir gəmidə də yanğın baş verib. Onlar aydınlaşdırıblar ki, hər iki halda yanğın lokallaşdırılıb.
Bundan əvvəl UKMTO Yəmən sahillərində gəmiyə hücum barədə məlumat vermişdi.