EN

Azərbaycanın Fələstin məsələsində həmişə ədalətli və prinsipial mövqe nümayiş etdirib

Afrika qitəsinin şimal-şərqində, Yaxın Şərq bölgəsində yerləşən Misir Ərəb Respublikası 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb. 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın Qahirədə səfirlikləri açılıb.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində Misir Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və üzv olduğu beynəlxalq təşkilatlarda ədalətli mövqeyini daim müdafiə edib.

Bu gün Misir və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün böyük potensial var. Prezident İlham Əliyevin cari səfəri zamanı iki ölkə arasında energetika, kənd təsərrüfatı, əczaçılıq, sənayenin müxtəlif sahələri, nəqliyyat və s. sahələrdə əlaqələrin inkişafı məsələləri müzakirə olunub.

Misirə səfər çərçivəsində mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev qeyd edib: “Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışır, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq olunur, habelə İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstərilir. Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişdir. Bu sədrliyin nəticəsində Hərəkat daha böyük imkanlara malik olmuşdur”.

Misirlə Azərbaycan arasında dini-mənəvi sahədə də əməkdaşlıq var. Prezident İlham Əliyevin Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşü buna sübutdur.Misir və Azərbaycan dünyada islam həmrəyliyinin möhkəmlənməsinə və mötədil islamın inkişafına mühüm töhfə verirlər.

Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi ilə bağlı Azərbaycan Prezidentinin fikirləri xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısının “Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi və müstəqil Fələstin Dövlətinin yaradılması bizim Qoşulmama Hərəkatına sədrliyimiz dövründə hər zaman diqqət mərkəzində idi. Bir çox tədbirlər keçirilmişdir və Azərbaycanın mövqeyi birmənalıdır - müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır” fikirləri Azərbaycanın Fələstin məsələsində həmişə ədalətli və prinsipial mövqeyinin bir daha bariz nümayişidir. Azərbaycanın ərəb islam dünyasının mərkəzlərindən biri olan Misirdə bu prinsipial mövqeyini səsləndirməsinin əlahiddə əhəmiyyəti var.

Prezident İlham Əliyev prinsipial mövqe ortaya qoyaraq bildirib ki, Qəzzada yaşanan faciə tezliklə dayandırılmalıdır, müharibə dayandırılmalıdır və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır.

Qəhrəman Qasımov Əməkdar müəllim, Qarabağ veteranı

Chosen
184
missiya.az

1Sources