Vəkillər Kollegiyasının 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyevanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə Sümbülə Əliyeva ifadə verib. O, özünü təqsirli bilmədiyini deyib. Bildirib ki, günahı yoxdur, sənədlər saxtalaşdırılıb.
Sünbülə Əliyeva deyib ki, Vəkillər Kollegiyasının rəhbəri Anar Bağırov və intizam komissiyasının üzvləri büroya gəlib Sərdar Qasımovun büroya müdir təyin edilməsini təklif ediblər: ”Etiraz etdim və dedim ki, qanunvericiliyə uyğun olaraq, büronun üzvlərindən biri müdir seçilə bilər. Amma sonradan Sərdar Qaımov müdir təyin olundu. Sonradan Anar müəllim dedi ki, sənədləri Sərdar müəllimə verməmisən? Dedim ki, təhvil-təslim etmək lazımdır. Mənə bildirdilər ki, təhvil-təslimə ehtiyac yoxdur. Sonradan özümə yeni ofis tapdım ki, fərdi qaydada vəkil kimi fəaliyyət göstərim. Daha sonra sənədləri Sərdar müəllimə təhvil verdim”.
Sümbülə Əliyeva deyib ki, istər istintaq, istərsə də məhkəmə dövründə özünü təqsirli bilməyib. O, özündən sonra 1 saylı Hüquq məsləhətxanasına müdir təyin olunmuş Sərdar Qasımovun ölüm səbəbi haqda danışıb. Bildirib ki, Sərdar Qasımov Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin qəbul şöbəsində vəfat edib.
Sümbülə Əliyeva deyib ki, büroda vəkil kimi fəaliyyət göstərən Nadir İbişovun özünün heç bir müqaviləsi olmayıb, bütün işlərə təyinatla çıxıb: “Təyinatla da çıxışın saatı 6 manatdır. Ona 15 min 468 manat yazılıb, guya mənim tərəfimdən mənimsəmə olub”.
Proses iyunun 13-də davam etdiriləcək.
İttihama görə, Sümbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödənməli olan məbləği dövlət büdcəsinə köçürməyib və mənimsəyib. O, Cinayət Məcəlləsinin 179.3.2 və 213.1-ci maddəsi ilə ittiham edilir. Zərərçəkmiş qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.
Sümbülə Əliyeva bir çox tanınmış şəxsin vəkili olub. Onun cinayət işi üzrə məhkəmədən yayınması əsas gətirilərək prosesin gedişində barəsində həbs qətimkan tədbiri seçilib. (APA)