EN

İllərdir məktəblərdə gəzən “mina”lar - Övladlarımızın gələcəyini belə məhv ediblər

8 iyunda keçirilmiş təkrar sertifikasiya imtahanında 3424 ibtidai sinif müəllimi, 485 Azərbaycan dili və ədəbiyyat müəllimi müvafiq keçid balını, yəni 30 balı toplamayıb.

Təhsilin təməlinin ibtidai sinifdən qoyulduğunu nəzərə alsaq 3424 müəllimin hər il nə qədər şagirdi savadsız etdiyini təxmin etmək olar. Təməli belə savadsız müəllimlər tərəfindən qoyulan və 4 ilini heç nə öyrənmədən keçirən şagirdin yuxarı siniflərdə də heç nə əldə edə bilməyəcəyi aydın məsələdir.

Maraqlısı ondadır ki, bu qədər müəllim neçə illik təcrübə əsasında tədris etdikləri fənləri necə mənimsəyə bilməyib? Suallar bu qədərmi çətin olub? Ümumiyyətlə sertifikasiya imtahanından kəsilən müəllimlərin hamısını savadsız hesab etmək olarmı?

Mövzu ilə bağlı  danışan təhsil eksperti Elçin Əfəndi bildirdi ki, bu çox acınacaqlı durumdur:

“Biz müəllimlərə “təhsil verən” deyirik. Və onlar ümumi ixtisaslar ilə bağı tam məlumata sahib olmalıdır. Əgər ibtidai sinif müəllimidirsə, bu şəxs riyaziyyat, Azərbaycan dili, həyat bilgisi və bir neçə istiqamətlər üzrə kifayət qədər biliyə sahib olmalıdır. Təkcə pedaqoji sahə kifayət deyil, sözügedən şəxsin ixtisasını dərindən bilməsi vacibdir. Amma görünən odur ki, imtahan verən namizədlər hansı ki, müsabiqə şərtini ödəməyib, onların müasir təhsil proqramından demək olar ki, anlayışları yoxdur. O cümlədən öz ixtisasları ilə bağlı, həmçinin də kurikulumla, ümumi pedaqogika ilə bağlı yetəri qədər informasiyaya sahib olmayıb. Nəticədə də əlbəttə ki, ötən il keçirilmiş sertifikasiya imtahanında müsabiqə şərtini, 30 bal limitini aşa bilmədilər. Bu il onlara təkrar şans yaradıldı ki, özlərini bir il ərzində inkişaf etdirərək yenidən imtahanda iştirak etsinlər. Amma təəssüflər olsun ki, həmin şəxslər yenə də ümumi müsabiqə şərtini ödəyə bilmədi.

Bütün bunlar onu deməyə əsas verir ki, həmin şəxslər, yəni müvafiq müsabiqə şərtlərinin ödəyə bilməyən müəllimlər müasir təhsil proqramlarından, təhsillə bağlı müasir dövrün çağırışlarından, ixtisaslarla bağlı bilgidən, həmçinin kurikulum tədris proqramından xəbərsizdirlər. Bunun da məntiqi nəticəsi olaraq onlar müsabiqə şərtini ödəyə bilmədilər.


Ekspert imtahanın suallarınin çətin olması ilə bağlı fikirlərlə razı olmadığını bildirdi:

"Necə ola bilər ki, digər müəllimlərin böyük əksəriyyəti müvafiq müsabiqə şərtlərini ödəyir və müəyyən bir hissəsi də 51 baldan yuxarı nəticə əldə edərək əməkhaqqını artıra bilir, onlar üçün çətin olmur, amma bu şəxslər üçün çətin olur? Yox, mən belə düşünmürəm. Mənim fikrimcə, həmin şəxslər özlərini inkişaf etdirməklə bağlı bir o qədər maraqlı olmayıblar, bu şəxslər tədris etdikləri fənn qrupu ilə bağlı məlumata sahib olmayıblar. Baxmayaraq ki, uzun illər pedaqoji təcrübələri var, amma dediyim kimi təkcə təcrübə kifayət etmir. Yəni müəllim ola bilər ki, 5 il, 10 il auditoriyaya daxil ola bilər, şagirdlərlə işləyə bilər, ancaq bu, şərt deyil. Şərt odur ki, şagirdə hansı informasiyanı ötürüb, verilən informasiyanı şagird nə dərəcədə mənimsəyib və o biliklər sabah onun üçün həqiqi bilik olacaqmı, gələcəkdə o biliklərdən istifadə edə biləcəkmi?

Əsas vacib elementlər bunlardır. Xüsusilə ibtidai təhsil pilləsi təkcə bizim ölkədə deyil, bütün dünyada qəbul edilmiş bir fikirdir. İbtidai təhsil pilləsi ən strateji təhlil pilləsidir və bu təhsil pilləsində maksimum təhsil verənlər diqqətli olmalıdırlar ki, təhsil alanlar yetəri qədər informasiyaya sahib olsunlar, aldıqları bilikləri, təlim-tərbiyəni yuxarı sinifdə də tətbiq edə bilsinlər".

Elçin Əfəndi onu da bildirdi ki, sertifikasiyadan kəsilən müəllimlərin əmək müqaviləsinə xitam veriləcək:

“Artıq onların təhsil verməsi qeyri-mümkündür. Mən onunla razı deyiləm ki, bir nəfərə humanist yanaşaq, amma onun müqabilində onlarla şagirdi zəhərləyək, onlarla şagirdin təhsilinə maneə olaq. Qaldı ki, bu şəxslər kimdir, bu qədər vaxt ərzində necə təhsil veriblər, ümumiyyətlə bu proseslərdə necə iştirak edirlər? Mən düşünürəm ki, bu 2014-ci ilə qədərki dövrlərdə baş verib. Təəssüflər olsun ki, 2014-cü ilə qədərki dövrdə həmin şəxslərin əksəriyyəti tanışlıq, tapşırıq, müəyyən rüşvət, yəni korrupsiya qarşılığında, saxta diplom əldə etməklə bu prosesə cəlb olunub. Hərəsindən müəyyən məbləğ alaraq, onları gətirib təhsilin içərisinə yerləşdiriblər. Sanki məktəblərə mina basdırıblar və bu gün artıq o minaları zərərsizləşdiririk.

Yeri gəlmişkən onu da bildirim ki, Azərbaycanda 160 minə yaxın müəllim heyəti var və onlar 1600000 çox şagirdlə işləyir. Siz təsəvvür edin ki, bunların hələ müəyyən hissəsi imtahan verib. Bu il və qarşıdaki illərdə proses yekunlaşdıqdan sonra mənim təxminimə görə 160 min müəllimdən təqribən 30, 40 mini sertifikasiya imtahanından keçə bilməyəcək. Bu da olduqca acınacaqlı vəziyyətdir. Çünki həmin şəxslər illər boyu bizim övladlarımıza dərs deyib, lakin həqiqi biliklər çatdıra bilməyiblər.

Artıq hər kəs bilməlidir ki, sertifikasiya prosesinin qarşısında duran əsas məqsəd Azərbaycan təhsilini sağlamlaşdırmaqdır. Yəni bizim əsas istəyimiz ondan ibarətdir ki, təhsil sferasında yalnız müəyyən ixtisasa sahib olan şəxslər, kifayət qədər bilik və bacarıqları olan, müasir dövrün çağırışlarına cavab verən, müasir təhsil proqramını bilən şəxslər təhsil versinlər. Belə olduğu halda, bir neçə ildən sonra bütün istiqamətlər üzrə uğurlu nəticələrin şahidi ola biləcəyik".  / Publika.az

Chosen
194
2
referans.az

3Sources