BAYRAQDAR MEDİA – İyunun 14-dən etibarən “Azərbaycan Dəmir Yolları” QSC (ADY) İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan yeni, müasir və rahat FLIRT markalı qatarları Bakı–Ağstafa–Bakı marşrutu üzrə sərnişinlərin istifadəsinə verir.Bu barədə xəbər sözügedən qurumdan yayılıb.Xəbərdə deyilir ki, “ADY sürətli sərnişin qatarlarına ilk dəfə olaraq Ləki və Ucar stansiyalarında da dayanacaq verir. Bu, Ağdaş rayon sakinləri üçün açılan artıq ikinci stansiyadır. Beləliklə, həmin ərazilərdə yaşayan daha 200 minə yaxın vətəndaşın müasir “Stadler” qatarlarından istifadə etməklə səfərlərini rahat və təhlükəsiz təşkil edə bilməsi üçün imkan yaranacaq”.ADY Bakı–Ağstafa–Bakı marşrutu üzrə reyslərin sayını iki dəfəyədək artırır: “Sürətli qatarlar artıq hər gün səhər və axşam saatlarında həm Bakıdan, həm də Ağstafadan hərəkət edəcək. Bu da xətt üzrə təkcə Bakı şəhərindən Qərb istiqamətində gedən sərnişinlərin yox, eyni zamanda əks istiqamətdən Bakı şəhərinə gələn sərnişinlərin rahatlığını təmin edəcək”.Məlumata görə, yeni istismara verilmiş birmərtəbəli qatarların hər biri 5 vaqondan ibarətdir və sərnişin tutumu 270 nəfərdir. Qatarlar geniş bar-vaqon salonuna malikdir və hər bir sərnişin rahatlıqla bu salonun xidmətindən istifadə edərək isti və soyuq içkilər, qəlyanaltılar əldə edə bilər.