EN

“2” alan müəllimlər - Əmrullayev Misir Mərdanovu günahkar çıxardı 

Xəbər verdiyimiz kimi, ölkədə dörd minə yaxın müəllim təkrar sertifikasiya imtahanından keçə bilməyib. Elm və Təhsil Nazirliyinin yaydığı məlumata görə, iyunun 8-də keçirilən təhsilverənlər üçün təkrar sertifikatlaşdırma imtahanında iştirak edən 7 296 müəllimdən 3 909-u test imtahanı mərhələsinin müvafiq keçid balını toplamayıb. 

Qeyd olunub ki, onlardan 3 424 nəfəri ibtidai sinif, 485-i isə Azərbaycan dili və ədəbiyyat müəllimi olub. 

Yenisabah.az bildirir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərində çalışan müəllimlərin təkrar sertifikasiya imtahanında biabırçı nəticə göstərməsi sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Təkcə təhsil ekspertləri deyil, fəal sosial şəbəkə iştirakçıları, ələxsus da valideynlər narahatlıqlarını dilə gətirməkdədirlər. Hazırda sosial şəbəkələrin Azərbaycan seqmentində daha çox bu sual ətrafında müzakirələr aparılır: İbtidai sinif şagirdləri üçün nəzərdə tutulmuş bəsit suallara cavab verə bilməyən müəllimlər təhsil sisteminə necə yol tapa biliblər? 

Müşahidələr onu göstərir ki, Elm və Təhsil Nazirliyinin rəhbərliyi mövcud biabırçı vəziyyətin yaranmasında özünü günahkar bilmir. Düzdür, nazir və yaxın ətrafı bu məsələyə dair rəsmi mövqe açıqlamasa da, ETN-ə yaxınlığı ilə tanınan ekspertlər artıq “ipucu” verməyə başlayıblar. Onların mətbuata ötürdüyü əsas informasiyalar bunlardır: 

- həmin müəllimlərin böyük əksəriyyəti 15 ildən daha çox pedaqoji staja sahib olan pedaqoqlardır. 

- Təkrar sertifikasiya imtahanından keçə bilməyən müəllimlərin çoxu texnikum (kollec) məzunudur. 

- İmtahanda biabırçı nəticə göstərən sinif müəllimlərinin böyük əksəriyyəti qeyri-ixtisas sahibləridir. Onlar təkminləşdirmə kurslarını keçərək ibtidai sinif müəllimi işləmək hüququ qazanıblar. 

Bu informasiyaların təhlili göstərir ki, ETN-nin rəhbərliyi məsuliyyəti öz üzərindən atmaqda qərarlıdır. Heç kimə sirr deyil ki, 15 il əvvəl Azərbaycanın təhsil sisteminə sabiq nazir Miris Mərdanov rəhbərlik edib. Qeyri-ixtisas sahiblərinin, məsələn, kollec məzunu olan ekoloq, iqtisadçı, balıqçı, aqronom və digər peşə sahiblərinin təkminləşdirmə kursları vasitəsilə ibtidai sinif müəllimi statusuna sahiblənməsi də sabiq nazir Misir Mərdanovun dövründə baş verib. 

ETN-ə yaxın şəxslərin dövriyyəyə buraxdığı bu mülahizələr ilk baxışda cəzbedicidir. İnsanları müəyyən qədər başqa istiqamətə gönləndirə bilər. Amma bu suala da cavab tapmaq lazımdır: Misir Mərdanov 11 il əvvəl, daha dəqiq desək 19 aprel 2013-cü ildə postunu tərk edib.  Necə olub ki, indiki nazir və onun sələfləri 11 il ərzində savadsız müəllimləri tapıb üzə çıxara bilməyiblər? 

Bəlli olduğu kimi, 5 ildən bir müəllimlərin sertifikasiya imtahanı keçirilir. “Fəalliyyət” sözünü yaza bilməyən müəllimlər bundan əvvəlki sertifikasiyadan necə keçiblər? 

Göründüyü kimi, cavabını gözləyən suallar çoxdur. Çətin də olsa, bu suallara cavab vermək lazımdır. Dünyada məsuliyyəti öz boynundan kənara atmaqdan asan iş yoxdur…

Aytac ŞAHİN 


Telegram kanalımız
Chosen
267
1
yenisabah.az

2Sources