EN

“Qalatasaray”ın çempionluq gəliri Zahanın cibinə getdi

"Qalatasaray” 102 xal topladığı tarixi mövsümdə çempion olsa da, heç də hər şey ideal keçmədi.

Məsələn, camiənin böyük ümidlər bəslədiyi Uilfrid Zaha mövsümün ən zəif transferlərindən biri oldu. Bir neçə oyun istisna olmaqla təcrübəli kot d`İvuarlı vinger ona bəslənilən ümidləri doğrultmadı. Zahanın qazancını araşdırdıqda isə ortaya maraqlı rəqəmlər çıxır. Mövsümün əvvəlində “Cim-Bom” rəhbərliyi Zahaya görə bütün imkanlarını səfərbər etmişdi. Amma ehtiyatda qaldığı oyunlarda istəksiz hərəkətləri ilə məşqçilər korpusunu bezdirən, üstəlik sonradan meydana çıxdığı qarşılaşmalarda komandanın oyununu gücləndirməyən Zaha İstanbula azad agent statusunda gəlmişdi. Rəhbərlik ona birdəfəlik 2,33 milyon avro imza parası ödədi.

Bundan başqa, 31 yaşlı futbolçuya 4,35 milyon avro məvacib ödənildi. Yəni Zaha “Qalatasaray”a illik təxminəm 6,7 milyon avroya başa gəldi. İndi isə təsəvvür edin ki, “Qalatasaray” 2023/24-də superliqada iştirak haqqı, hər xala görə qazanılan məbləğ və çempionluq mükafatı da daxil olmaqla Türkiyə Futbol Federasiyasından 241,6 milyon lirə, yəni 6,9 milyon aqvro qazandı. Yəni bir qədər kobud dildə desək, “Qalatasaray”ın mövsümboyu superliqada qazandığı pulların hamısı Zahanın cibinə getdi! Çünki çempionluq gəlirindən Zahanın illik qazancı çıxılandan sonra sonra yerdə cəmi 220 min avro qalır! Bir neçə gün öncə Zahanın “iks”də (tvitterdə) ona “qazandığın pula layiq olduğuna inanırsanmı? Heç yerli oyunçuları da üstələyə bilmədin”, - deyə irad bildirən bir fanata “4 aylıq zədənin ardından formaya düşməyə və qollar vurmağa başlamışkən yanvardan etibarən birdən-birə ehtiyatda qalmağım sənə qəribə gəlmədi? Bəzi şeyləri içimdə saxladım” cavabını verməklə diqqəti çəkmişdi. Düzdü, Zaha bu cavabı cəmi bir neçə saat sonra silmişdi.

2023/24-də 42 rəsmi oyuna çıxaraq 10 qol, 5 məhsuldar ötürməlik performans sərgiləyən Zahanın “Qalatasaray”la hələ ikiillik müqaviləsinin olduğunu xatırladaq. Ona Səudiyyə Ərəbistanı klublarının marağı davam edir.

Chosen
105
26
football-plus.az

10Sources