EN

Talassemiyalı uşaqların pullarını mənimsəməkdə təqsirləndirilənlərin məhkəməsi davam etdirilib

Talassemiyalı uşaqlar üçün toplanmış bir milyonluq vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə cinayət işi üzrə təqsirləndirilən Aysel Məmmədovanın istintaqa verdiyi ifadə elan olunub.

Belə ki, o ifadəsində Çinar plazada Nuridə Seyidovaya 25 min manat pul verdiyini, Nuridə Seyidovanın da üzərinə 5 min manat qoyub Mərkəzi Klinikaya köçürdüyünü deyib.

Həmçinin, zərərçəkən Nərgiz Mahmudovadan 9 min manat pulu alıb Toğrul adlı şəxsin yanında Nuridə Seyidovaya verdiyini bildirib.

Hakim qeyd edib ki, Aysel Məmmədova istintaqda ifadəsində "sponsor Qalib" adlı şəxsdən danışıb.

A.Məmmədova cavabında deyib ki, sözügedən adamın övladı talassemiya xəstəsidir. O, övladını Türkiyədə əməliyyat etdirmək istəyib.

A.Məmmədovanın sözlərinə görə, Şəbnəm adlı xanım daha iki nəfərin də "sponsor Qalib"dən əməliyyat etdirməyini istəyib.

"Danışığımız belə olmuşdu ki, biz xəstələri cəlb edirdik, Nuridə isə Türkiyədə əməliyyat etdirirdi. Xəstələrdən aldığımız pulun 1/3-hissəsini 4-yerə bölməli idik. Əməlliyyat məbləğinin çatışmayan hissəsinin hardan gəldiyini bilmirdik. Bu barədə Nuridə bizə heçnə demirdi. Türkiyədə əməliyyat olunan 3 xəstəyə görə komisyon alsam da, 4-cü xəstəyə görə, çatmadı. Nuridə Türkiyədə özəl şirkətlərlə müqavilə bağladığı üçün etibar qazanmışdı", - A. Məmmədova istintaqda deyib.

Hakim Nuridə Seyidovadan ifadə verməsini istəyib. O, xəstə olduğunu bildirib, ifadə verə bilməyəcəyini deyib.

"Pulları alanda xəstəliyin yadına düşmürdü. İfadə verməsən biz sənin istintaqa verdiyin ifadəni əsas götürəcəyik", - hakim Nuridə Seyidovaya cavabında bildirib.

Zərərçəkənlər N.Seyidovanın ifadə vermək istəmədiyinə etiraz ediblər, həmçinin bildiriblər ki, talassemiya xəstəliyindən əziyyət çəkən, eləcə də əməliyyat olunmalı olan uşaqlardan 3-ü ölüb.

Orxan Rasifoğlu

Chosen
218
4
e-huquq.az

7Sources