Erməni reallığında öz müqəddəratını təyinetmə və Dağlıq Qarabağın statusu anlayışları yanlış anlaşılırdı. Onlar həmişə Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olacağını nəzərdə tuturdular.
Qaynarinfo xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün, iyunun 13-də Ermənistan parlamentində bildirib.
O, ATƏT-in fəaliyyətdə olan sədrinin 1996-cı ildə Lissabon sammitinin yekunlarına dair bəyanatını oxuyub:
"Qarabağ münaqişəsinin və Azərbaycanın ərazi bütövlüyü probleminin həlli istiqamətində heç bir irəliləyiş əldə olunmayıb. ATƏT-in Minsk Qrupunun həmsədrləri Qarabağ nizamlanmasının tərkib hissəsinə çevrilməli olan üç prinsip təklif ediblər. Bu prinsiplər bunlardır: Ermənistan və Azərbaycanın ərazi bütövlüyü, Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək dərəcədə özünüidarəetmə verəcək öz müqəddəratını təyinetmə Sazişində əks olunan Dağlıq Qarabağın hüquqi statusu. Dağlıq Qarabağın və onun bütün əhalisinin təhlükəsizliyinin təmin edilməsi, o cümlədən tərəflərin nizamlanma prinsiplərinə riayət olunmasına təminat vermək üzrə qarşılıqlı öhdəliyi. Mən təəssüf edirəm ki, ölkələrdən biri - Ermənistan bunu qəbul edə bilmədi”.
Paşinyan əlavə edib ki, həm status, həm də öz müqəddəratını təyinetmə Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmasını nəzərdə tuturdu: "Amma erməni reallığında bütün bunlar düzgün başa düşülmədi, çünki 1996-cı ildən erməni ictimaiyyətinin Lissabon sənədinə çıxışı yox idi, 1996-cı ildə isə internet yox idi”.
Nikol Paşinyanın fikrincə, Ermənistanın klerikal-feodal elitası hakimiyyəti ələ keçirmək və saxlamaq üçün Ermənistan xalqını aldadıb və çaşdırıb.
"Dağlıq Qarabağla bağlı tam həqiqət məhz belədir”, - o əlavə edib.
Nizami Bağırov