EN

Paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

İyunun 15-16-da Kənd Təsərrüfatı Nazirliyi tərəfindən paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.

Kənd Təsərrüfatı Nazirliyindən "İki sahil"ə bildirilib ki, yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, yerli və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.

Yarmarkada 20-dək regiondan 40-a yaxın fermerin iştirakı gözlənilir. Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiyasının çıxışı) ünvanında fəaliyyət göstərəcək yarmarkada fermerlər müxtəlif bölgələrdən 100-ə qədər çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər. Yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək.

Yarmarka 2 gün müddətində saat 09:00-dan 19:00-dək fəaliyyət göstərəcək. Fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla təmin olunacaqlar.

Qeyd edək ki, “Kənddən Şəhərə” yarmarkalarında məhsulunu satmaq istəyən fermerlər +994 50 400 88 99 çağrı mərkəzi ilə əlaqə saxlaya və ya yarmarkanın sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər.

Chosen
117
38
ikisahil.az

10Sources