Ermənistan lideri Nikol Paşinyan Belarusa və şəxsən Prezident Aleksandr Lukaşenkoya qarşı demarşı ilə sadəcə olaraq, ABŞ-a və AB-yə yarınmağa çalışır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov sosial şəbəkədəki hesabında yazıb.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan mayın 13-də bildirib ki, Aleksandr Lukaşenko prezident olduğu müddətdə Ermənistan rəsmiləri Belarusa səfər etməyəcək. Siyasətçi bu qərarı Minskin 2020-ci ildə 44 günlük müharibə zamanı Qarabağla bağlı tutduğu və A.Lukaşenkonun bu yaxınlarda Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı bir daha təsdiqlədiyi mövqeyi ilə izah edib. Paşinyanın bu bəyanatından sonra Belarus və Ermənistan müvafiq olaraq İrəvan və Minskdəki səfirlərini geri çağırıblar.