Verma Ermənistanın Baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək
ABŞ dövlət katibinin idarəetmə və resurslar üzrə müavini Riçard Verma Demokratiya üzrə ABŞ-Ermənistan Yerli Hökumət Forumunda iştirak etmək üçün iyunun 17-19-da İrəvanda olacaq. AYNA xəbər verir ki, bu barədə Dövlət Departamentinin yaydığı məlumatda qeyd olunub.
Verma Ermənistanın Baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla da görüşəcək.
“Bu səfər bizim erməni xalqı ilə ikitərəfli əlaqələri daha da gücləndirmək niyyətimizi əks etdirir”, - məlumatda deyilir.
Dövlət katibinin müavini Verma Kaliforniya, Kanzas, Miçiqan, Montana və Pensilvaniyanı təmsil edən ştat və yerli rəsmilərdən ibarət nümayəndə heyətinə rəhbərlik edəcək. Onu Dövlət Departamentinin yeni submilli diplomatiya komandasına rəhbərlik edən şəhər və dövlət diplomatiyası üzrə xüsusi nümayəndə Nina Xaçiqyan və kommersiya və biznes məsələləri üzrə xüsusi nümayəndə Sara Morqenthau müşayiət edəcək.
Qeyd edək ki, iyunun 10-12-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O'Brayen Ermənistanda olub.