Pərvanə SULTANOVA [email protected]
15 iyun Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin tarixində ən önəmli səhifələrdən biridir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümummilli lider Heydər Əliyevdir. 1993-cü il iyunun 15-də Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan, vətəndaş müharibəsindən, parçalanmaq təhlükəsindən xilas oldu, ölkənin inkişafının möhkəm təməlləri qoyuldu.
Xalqımız artıq dörd ildir ki, bu günü qalib xalq kimi daha yüksək əhvali-ruhiyyə, milli qürur hissi ilə qeyd edir. Builki bayram həm də ilk dəfə olaraq Qurtuluş Gününün bütöv Azərbaycanda keçirilməsi ilə əlamətdardır. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük müharibədə şanlı qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad etdi, ötən ilin sentyabrındakı bir günlük antiterror əməliyyatları ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olundu. Bununla həm də Ulu öndərin ən böyük arzusu gerçəkləşmiş oldu.
Ümummilli liderin məcburi köçkünlərlə görüşlərinin birində bu barədə dediyi sözlər yada düşür: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”.
Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Azərbaycanın hər bir nöqtəsində üçrəngli bayrağımız əzəmətlə dalğalanır.
Milli Məclisin deputatı Musa Qasımlı “525”ə açıqlamasında deyib ki, 15 iyun Milli Qurtuluş Gününün mahiyyətini, fəlsəfəsini bilməkdən ötrü mütləq 1993-cü ilə qədərki hadisələrə diqqət yetirmək, təhlil etmək lazımdır. 1988-ci ildən bəri Ermənistanın Azərbaycanın daxili işlərinə müdaxiləsini hələ sovet hakimiyyəti olmasına baxmayaraq, nə Azərbaycan rəhbərləri, nə də mərkəzi hakimiyyət kəsə bildi. Mərkəzi hakimiyyət əslində bu əsassız iddiaları dayandırmaq istəmirdi.
Deputat deyib ki, 1991-ci ildən sonra Azərbaycan xalqı dövlət müstəqilliyini bərpa edərkən qarşısında daxili və xarici siyasət sahəsində bir sıra vacib məsələlərin həlli dayanırdı: “Daxildə müstəqil dövlət qurulmalı, planlı sosialist təsərrüfatından azad bazar iqtisadiyyatına keçilməli, təkpartiyalı sistemdən çoxpartiyalı sistemə keçid edilməli, ölkənin inkişafının açarını tapmaq lazım idi. Xarici siyasət sahəsində Azərbaycan dövlətinin qarşısında dayanın başlıca vəzifələr dövlət müstəqilliyini tanıtmaq, ölkə daxilində müstəqil dövlət quruculuğu üçün əlverişli beynəlxalq şəraiti təmin etmək, Ermənistanın hərbi təcavüzünü dayandırmaq, qaçqın və məcburi köçkünlərin problemlərini həll etmək lazım idi. 1991-1993-cü illərdə bir-birini əvəz edən hakimiyyətlər bu vəzifəni yerinə yetirə bilmədilər. Yəni ölkə böyük problemlərlə üzləşdi, ümumi böhran yarandı. İqtisadiyyat bərbad halda idi, dövlət hakimiyyəti özünün funksionallığını itirmişdi, hakimiyyətin qanadları arasında ixtilaflar hökm sürürdü, mülki hakimiyyət ilə hərbi hakimiyyət arasında ziddiyyətlər var idi, xalqın problemlərini həll edə bilməyən hakimiyyət ilə xalq arasında böyük uçurum yaranmışdı. Belə bir şəraitdə hakimiyyət ölkə daxilində dövlət quruculuğu üçün əlverişli beynəlxalq şəraiti təmin edə bilmirdi, qonşularla münasibətlər gərgin idi. Ermənistanın hərbi təcavüzü davam edir, ərazilər bir-birinin ardınca işğal olunurdu. Bu zaman Gəncədə hərbi hissədə qiyam baş verdi. Ölkəni, dövləti xarici hərbi müdaxilədən qorumalı olan ordu siyasi intriqalarda bir vasitəyə çevrildi. Bütün bunlar azmış kimi Azərbaycanın şimalında və cənubunda xaricdən dəstəklənən separatçılıq genişləndi. Xalq vətəndaş müharibəsi astanasında idi. Bütün bunlar hamısı dövlət müstəqilliyinin itirilməsi, ölkənin parçalanması təhlükəsi yaradır, xalqı vətəndaş müharibəsinə sürükləyirdi. Azərbaycan xalqının mənəvi-psixoloji böhranı baş verdi. Xalqın sabaha ümidi yox idi. İnsanlar sual edirdilər ki, ölkəni bu ağır vəziyyətdən kim çıxara bilər, dövlət müstəqilliyinin itirilməsinin qarşısını kim ala bilər. Xalqın gözləri Naxçıvana - Muxtar Respublika Ali Məclisinin sədri Heydər Əliyevə yönəlmişdir. Azərbaycan xalqının dərin inamına görə ölkəni bu vəziyyətdən yalnız Heydər Əliyev çıxara bilərdi”.
M.Qasımlı bildirib ki, xalqın bu inamının əsasları var idi: “Çünki 1970-ci illərdə Heydər Əliyev hələ sovet dövründə Azərbaycanı qabaqcıl respublikalar cərgəsinə çıxarmış, millətin başın uca etmişdi. Vəzifələrdən çıxarıldıqdan sonra Naxçıvanda ağsaqqal deputat, sonra isə Ali Məclisin sədri olaraq Azərbaycan xalqının gələcək taleyində müstəsna rol oynayan qərarların qəbul edilməsinin təşəbbüskarı olub. Cümhuriyyət bayrağı ilk dəfə Naxçıvanda qəbul edilmişdi, hələ sovet sisteminin, Kommunist partiyasının qalmasına baxmayaraq, Cümhuriyyətin üçrəngli bayrağının qəbul edilməsi inqilabi hadisə idi. Çünki sovet dövləti müstəqillik rəmzi olan o üçrəngli bayrağı qəbul etmirdi, düşmən sayırdı. Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda Muxtar Sovet Sosialist Respublikasının adından Sovet Sosialist ifadələri çıxarıldı. O zaman hələ SSRİ mövcud idi. Yalnız Naxçıvanda qərarlar qəbul edildikdən sonra Bakıda Azərbaycan Respublikası adı qəbul edildi, üçrəngli bayrağ dövlət bayrağı olaraq qəbul olundu. Heydər Əliyev Naxçıvanda əhalini birləşdirərək ağır blokada şəraitində yaşamasına baxmayaraq, təcavüzkar Ermənistana cavab vermiş, NMR-nı qorumuşdu. Bütün bu və digər amillərə görə Azərbaycan xalqı belə hesab edirdi ki, ölkəni bu ağır vəziyyətdən yalnız Heydər Əliyev çıxara bilər”.
Deputat vurğulayıb ki, xalqın təkidli tələbi və Konstitusiya uyğun olaraq hakimiyyət Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Heydər Milli Məclisdə çıxış etdi və qiyamın baş verdiyi Gəncəyə heç bir rəsmi şəxs olmadan jurnalistlərə birgə getdi, vəziyyəti yerində öyrəndi. Geri qayıtdıqdan sonra Milli Məclisin sədri seçildi.
M.Qasımlının sözlərinə görə, 15 iyun 1993-cü ildə Heydər Əliyevin Milli Məclisin sədri seçilməsi müstəqillik tarixinin ilk dönüş anıdır: “Heydər Əliyevin qarşısında çoxlu mürəkkəb vəzifələr dayanırdı. O, Ermənistanın hərbi təcavüzünü dayandırmalı, ölkənin inkişafının açarını tapmalı, torpaqları işğaldan azad etmək üçün hazırlamalı idi. Dövləti dağılmaqdan xilas etmək gərəkirdi. Heydər Əliyev Azərbaycan dövlətini dağılmaqdan xilas etdi, separatçılığın kökünü bir güllə atmadan kəsdi, Ermənistana Horadiz əməliyyatında sarsıdıcı zərbə endirildi, bir sıra ərazilər azad edildi. Bununla Heydər Əliyev göstərdi ki, Azərbaycan torpaqlarının işğal altında qalması faktı ilə heç vaxt barışmayacaq. Ondan sonra atəşkəsə gedildi, bunda Heydər Əliyevin məqsədi ordunu qurmaq, dövləti ayaq üstə saxlamaq, ölkəni inkişaf etdirib, ərazilərimizi düşməndən azad etməkdən ötrü hazırlamaq idi. Atəşkəsə gedildikdən sonra Heydər Əliyev “Əsrin müqaviləsi”ni imzaladı, bununla Azərbaycan tarixində təbii sərvət olan nefti milli sərvətə çevirən ilk dövlət adamımız oldu. Heydər Əliyevə qarşı olan sui-qəsdlər puça çıxdı. 1994-cü ilin sui-qəsd, terror hadisələri, dövlət çevrilişi cəhdi, 95-ci ilin mart qiyamı Heydər Əliyevin iradəsini qıra bilmədi. Heydər Əliyev dövlət müstəqilliyi bərpa edilsə də, hələ Konstitusiyası qəbul olmayan Azərbaycanda 1995-ci il 12 noyabrda Konstitusiyanın qəbuluna nail oldu, onun memarı oldu. Azərbaycanda ilk dəfə olaraq parlament seçkiləri keçirildi. Heydər Əliyev dövləti qurdu, hakimiyyətə küçədən gəlməyin qarşısını aldı. Azərbaycanı islahatlar yoluna çıxardı. İlk dəfə olaraq ölüm hökmünü ləğv etdi”.
M.Qasımlı Azərbaycan xalqının nədən qurtulduğu barədə danışaraq deyib ki, xalq müstəqil dövlətini itirməkdən, vətəndaş müharibəsi təhlükəsindən, separatçılıqla parçalanmaq təhlükəsindən, səriştəsiz, milli maraqları bilməyən şəxslərin idarəçiliyindən xilas oldu. Ona görə də 15 iyun Milli Qurtuluş Günü oldu.
Deputat deyib ki, 1993-2003-cü illər Azərbaycanın işğal altında olan ərazilərinin xilas edilməsinə hazırlıq illəri idi: “1997-ci ildən bəri, yəni Milli Qurtuluş Günü bayram elan ediləndən bu yana ilk dəfə olaraq bu günü Azərbaycan xalqı başqa bir əhval-ruhiyyədə bayram edir. Prezident İlham Əliyevin rəhbərliyi altında dövlət suverenliyi bütün ölkə ərazisində tamamilə bərqərar edilib, separatçılığın kökü tamamilə kəsilib. 1988-ci ildən, əslində 100 illər əvvəl Azərbaycana sırıdılmış problem cənab Prezident İlham Əliyev tərəfindən kökündən kəsilərək birdəfəlik həll edilib, gələcək nəsillərə saxlanmayıb. Azərbaycan xalqının tarixində yeni mərhələ başlayıb. Əgər 1993-cü il iyunun 15-i olmasaydı, bugünkü zəfərlər, dövlət suverenliyinin tam təmini də olmazdı. 15 iyundan alınan başlıca dərs ondan ibarətdir ki, Azərbaycan xalqının inkişafının təməlində qüdrətli dövlət rəhbəri, güclü dövlət və təbii ki, sabitlik dayanır. Ulu öndərin əsasını qoyduğu siyasətin alternativi yoxdur. 1993-cü ildən bəri keçən tarix onu göstərir ki, Azərbaycanda qarşıya qoyulan məqsədlərə çatmağın strategiyasını Ulu öndər müəyyənləşdirib, cənab Prezidentimiz İlham Əliyev onu ustalıqla həyata keçirib, bu siyasətin heç bir alternativi yoxdur”.
Bizi Facebookda izləyin