"Ceoworld" jurnalı 2024-cü ilin ilk rübü üçün ölkələr üzrə orta aylıq əməhaqqının reytinq cədvəlini açıqlayıb. Azərbaycan 494 dollar orta aylıq əməkhaqqı ilə bu cədvəldə 196 ölkə arasında 99-cu pillədə qərarlaşıb. MDB ölkələri arasında ən yüksək əmək haqqı Rusiya (2 159 ABŞ dolları) və Qazaxıstandadır (673 ABŞ dolları). Reytinq cədvəlində Azərbaycandan aşağıda Ukrayna (430 dollar), Özbəkistan (351 dolları), Qırğızıstan (228 dollar) və Tacikistan (169 dollar) yer alıb. Dünyada ən yüksək əmək haqqı İsveçrədə müşahidə olunub – 8111 dollar. İlk “üçlüy”ə həmçinin Lüksemburq (6633 dollar) və ABŞ (6455 dollar) daxil olub. Ən aşağı əmək haqqı isə Lesoto (24 dollar), Anqola (27 dollar) və Malavidə (31 dollar) müşahidə olunub.
Reytinq cədvəli ilə bağlı Avtosfer.az-a açıqlamasında iqtisadçı Rəşad Həsənov bildirib ki, Azərbaycanın 196 ölkə arasında 99-cu yerdə qərarlaşması məqbul qarşılanmır.
"Azərbaycan bir çox iqtisadi göstəricilərdə həm regiondakı, həm də MDB-dəki bir çox ölkələri qabaqlayır. Lakin reytinq cədvəlindən göründüyü kimi, Azərbaycan bu iqtisadi üstünlükləri əhalinin rifahına kifayət qədər yönləndirə bilmir. Bunu hökumət özü statistik göstəricilərlə açıqlayıb və minimum əməkhaqqının orta aylıq əməkhaqqının 60%-nə çatdırılması qarşıya məqsəd qoyulub. Hətta son illərdə bu istiqamətdə bəzi addımlar atıldı. Lakin ölkədəki kəskin inflyasiya müvafiq addımların atılmasını məhdudlaşdırıb".
Ekspert həmçinin bildirib ki, reytinq cədvəlində belə göstəricinin olmasını şərtləndirən bir çox amillər var və bunlardan biri də Azərbaycanda qeyri-formal, yəni qanunsuz əmək bazarının da geniş yayılmasıdır.
"Bu bazarda ya işçilərin əhəmiyyətli hissəsi ümumiyyətlə rəsmiləşdirilmir, ya da işçilərin maaşlarının çox aşağı hissəsi rəsmiləşdirilir. Ümumiyyətlə Azərbaycanda əməkhaqqının aşağı olması məsələsini cədvəllə əsaslandırmaq doğru olmazdı. Ölkəmizdə onsuzda orta aylıq əməkhaqqı aşağıdır. Xüsusilə də, qeyri-neft, qeyri-maliyyə,qeyri-dövlət sektorunda işçilərin əməkhaqları qənaətbəxş deyil".
Ekspertlər bildirir ki, "Ceoworld" jurnalının reytinq cədvəli oxşar iqtisadi göstəricilər, ÜDM səviyyəsinə sahib ölkələrin müqayisəsi üçün daha əlverişlidir.
Səfər Əlizadə