EN

Savadsız müəllimlər də bu nazirliyin sistemində təhsili alıb -

"Sertifikasiya prosesi ən sonuncu görülməli işdir. Bu, proseslərin nəticəsini qiymətləndirmək üçün lazımdır. Şagirdlərinə dərs öyrətmədən onları hər gün imtahan edən müəllim kimi, Təhsil Nazirliyi müəllim hazırlığı ilə əlaqəli heç bir strategiya, sistemli layihələr reallaşdırmadan, müəllimlərin səmərəli təkmilləşdirmə sistemi yaratmadan, təhsildən yaxşı nəticələr gözləyir".Bu sözləri Metbuat.az-a açıqlamasında dosent, təhsil eksperti İlham Əhmədov deyib. O bildirib ki, Təhsil Nazirliyinin əsas vəzifəsi ölkənin təhsil siyasətini formalaşdırmaqdır:"Nazirliyin son illərdəki fəaliyyətinə isə baxanda belə təəssürat yaranır ki, sanki nazirliyin əsas vəzifəsi yalnız MİQ və Sertifikasiya imtahanlarının aparılmasıdır. Heç nə etmədən, nəticə əldə olunmaz, möcüzə gözləməyin zamanı deyil. Sanki, xəstəni müalicə etmədən, gündə 100 dəfə hərarətini yoxlayırlar. Xəstəni əvvəlcə müalicə etmək lazımdır". Ekspert bildirib ki, təhsil sahəsindəki rəhbər şəxslər bu addımlarla təhsil islahatlarının dalana dirənməsi faktını ictimaiyyətin diqqətindən yayındırmaq istəyirlər:"Yəni, müəllimlər savadsızdır, buna görə biz islahat apara bilmirik. Amma müəllimlərin bəzilərinin biliyinin zəif olması onların yox, təhsil sisteminin günahıdır. Çünki bu müəllimlər bizim keyfiyyətsiz təhsi sisteminin yetirməsidir, 15 il bu nazirliyin verdiyi təhsili alıblar. Həm də tək müəllimlərin yox, istənilən digər peşə sahiblərinin nümayəndələrinin də sertifikasiyası keçirilsə, belə nəticələr alınacaq. Çünki Təhsil Nazirliyi bütün sahələr üzrə insan kapitalının yetişdirilməsinə məsuldur və bütün sahələr üzrə kadr hazırlığı aşağı səviyyədədir. Bunun əsas səbəbi orta təhsilin zəifliyi, repetitorluğun kütləviliyi və bunun nəticəsi olaraq, şagirdlərin zəif hazırlığı, universitet proqramlarını mənimsəməyə hazır olmamalarıdır".

Cavidan Mirzəzadə / Metbuat.az

Chosen
97
2
metbuat.az

3Sources