İyunun 21-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Elnur Həsənov Bakı 1 saylı İstintaq Təcridxanasında intihara cəhd edib. Bu barədə Turan-a onun vəkili Nemət Kərimli bildirib.
Onun sözlərinə görə, Həsənov təcridxananın sanitar-tibb hissəsində pəncərə şüşəsini sındırıb, şüşə ilə damarını kəsərək intihara cəhd edib. Həkimlərin müdaxiləsindən sonra həyatı üçün təhlükə sovuşub. Bədəninə beş tikiş qoyulub.
Vəkilin dediklərinə görə, Həsənov intihar cəhdindən əvvəl 7 gün quru aclıq edib. Vəkil xatırladıb ki, bu, son 2 ayda onun üçüncü quru aclıq aksiyası olub.
Həsənov qanunsuz həbs olunmasına, məhkəmə prosesinin əsassız olaraq uzadılmasına, məhkəmə binasında konvoylar tərəfindən döyülməsinə etiraz edib.
O, Azərbaycan Xalq Cəbhəsi Partiyası rəhbərliyinin, bir qrup şəhid ailəsi üzvünün xahişilə aclığı dayandırıb.
* Elnur Həsənov 28 noyabr 2023-cü ildə narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı (Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi) ilə həbs edilib. Fəal hesab edir ki, onun həbsinin əsl səbəbi yol polisi rəhbərliyinin hərəkətlərini tənqid etməsidir. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.