EN

HƏMAS lideri: Qəzzada atəşkəs tələblərimizə cavab verəcək bütün təşəbbüslərə açığıq

HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Qəzzada müharibəni dayandıracaq və müqavimətin tələblərinə cavab verəcək bütün təşəbbüslərə açıq olduqlarını bir daha vurğulayıb. Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Haniyə Livanın paytaxtı Beyrutda Strateji Düşüncə Forumunun təşkil etdiyi və İsrailin Qəzzada apardığı müharibə ilə bağlı ssenarilərin müzakirə edildiyi simpoziuma qatılıb. HƏMAS-ın "hücumların tamamilə dayandırılması, İsrail ordusunun çıxarılması, Qəzzanın yenidən qurulması, əsirlərin dəyişdirilməsi və Qəzza xalqına yardımların göstərilməsi" kimi tələblərinin olduğunu xatırladan Haniyə: “Bunlar xalqımızın, müqavimət qüvvələrinin və ümmətin azad xalqının tələbləridir. HƏMAS bu tələblər əsasında danışıqlar aparır. Biz atəşkəs danışıqlarında müqavimət qüvvələrinin bu tələblərinə cavab verəcək bütün təşəbbüslərə açığıq”, - deyib. Haniyə mayın 6-da Qətər və Misir tərəflərinin təqdim etdiyi atəşkəs təklifini bəyəndiklərini, lakin İsrailin atəşkəs təklifində müqavimət qüvvələrinin tələblərinin mahiyyətinə təsir edəcək dəyişikliklərin edilməsini istədiyini bildirib. İsrailin danışıqlar strategiyasının beynəlxalq və regional səviyyədə HƏMAS-a İsrailin baxışını qəbul etməyə təzyiq etmək üzərində qurulduğunu bildirən Haniyə, İsrailin müəyyən şərtlər qoyan siyasi tələ qurduğunu bildirib, lakin detalları açıqlamayıb. Heniyye Əl-Əqsa tufanın Fələstin məsələsi və ümumilikdə bölgə üçün yeni tənliklərin cızılmasının xəbərçisi olduğunu deyib və əlavə edib: “Əqsa tufanı ilə üç strateji nəticə əldə edildi. İlk növbədə bəzi beynəlxalq və regional dövlətlər tərəfindən gündəmdən çıxarılan və İsrailin daxili problemi kimi təqdim edilən Fələstin məsələsini beynəlxalq və regional səviyyədə yenidən gündəmə gətirib. İkincisi, aydın oldu ki, İsrailin məğlubiyyəti xəyal deyil, reallıqdır və tezliklə baş verə biləcək bir şeydir. Üçüncüsü, İsrail daxilində ixtilaflar yaranarkən, ümmət Fələstin məsələsində həmrəydir”. Haniyə əlavə edib ki, Qəzzaya qarşı müharibə təkcə İsrailin deyil, ABŞ və onun Qərb müstəmləkəçi müttəfiqlərinin də iştirak etdiyi bir müharibədir. Həmas Hərəkatı mayın 6-da Qətər və Misir rəsmilərinə atəşkəs təkliflərini bəyəndiklərini bildirsə də, İsrail "şərtlərə cavab vermədiyi" səbəbiylə bu təklifi rədd edib. ABŞ prezidenti Co Bayden mayın 31-də İsrailin üç mərhələdən ibarət yeni atəşkəs təklifi təqdim etdiyini açıqlayıb. Bayden bu təklifin İsrailə aid olduğunu desə də, baş nazir Benyamin Netanyahu “qarşıya qoyulan məqsədlərə” çatana qədər müharibəni davam etdirəcəklərini bəyan edib. Netanyahu iyunun 3-də Parlamentin Xarici Əlaqələr və Müdafiə Komitəsində etdiyi çıxışında İsrailin təklifi ilə Baydenin təklifi arasında “boşluqlar” olduğunu iddia edib. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
110
bizimyol.info

1Sources