EN

Razi müəllimə oxşayan inqilabçı

YAP-çı deputatların Milli Məclisə növbədənkənar seçkilər üçün müraciət etməsi sevindirici haldır. Qarşıda bizi Formula-1, COP-29 kimi planetar miqyaslı tədbirlər gözləyir, eyni zamanda seçki keçirmək ağır olardı. Çünki seçki zamanı namizədlər küçəyə şəkillərini vurur, xalqla görüşlər keçirir, mitinqlər olur və sairə. Eyni anda küçədə Ferstappen və Alonsonun, Fəzail müəllim və Rasim Musabekovun şəkillərini görən tamaşaçılar düzgün seçim etməkdə çətinlik çəkərdilər. Həmçinin, Amazon meşələrinin taleyi bizi düşündürən anda seçicilərə Şəkinin dağ kəndinə yol çəkilməsini vəd etsən nə xeyri vardır? 

Sözgəlişi, məni neçə vaxtdır düşündürən bir məsələ var: əgər bu iqlim tədbiri 2024-cü ildə keçirilirsə, niyə ona COP-29 deyirlər? Yaxşı olardı COP-24 olsun. Adamın fikri qarışır, hava problemlərinə diqqətimiz azalır. 

Başqa tərəfdən, niyə bizdə növbədənkənar seçkiləri hər zaman YAP deputatları elan edir? Keçən dəfə də belə olmuşdu. Sanki başqa deputatları xalqın taleyi, dövlətçilik məsələləri narahat etmir. Şəxsən mən buna etiraz edirəm. Bizim parlamentdə çoxlu sayda fraksiyalar, müxalifət partiyaları yerləşibdir. Lakin hələ bir dəfə görmədik ki, məsələn, Milli Cəbhə Partiyasının sədri Razi müəllim növbədənkənar seçkilər üçün müraciət etsin. Yaxud, Qüdrət müəllim, Asim müəllim və sairə. 

Axırıncıların partiyaları tez-tez adını dəyişir, səhv yaza bilərəm, ona görə yazmadım. Mən yalnız Razi müəllimin partiyasının adını yadda saxlaya bilirəm, o da mənə uşaqlığımı xatırlatdığı üçün. O vaxtlar Nikaraquada belə bir Milli Qurtuluş Cəbhəsi - sandinistlər ordusu vardı, meşələrə çəkilib imperialist ABŞ və onun əlaltılarına qarşı savaşırdılar. Adı futbolçu adına oxşayan Daniel Orteqa da başçıları idi. SSRİ onlara dəstək verirdi, ABŞ Samosa adlı tipə. Belə rəvayət vardı, guya bir gün ABŞ prezidentindən Samosa kimi diktatoru nə üçün hər cür - silah, pul və sairə - dəstəklədiklərini soruşurlar. Franklin Ruzvelt də deyir ki, əşşi, ola bilsin Somosa it oğludur, lakin bizim itin oğludur. Ancaq sonradan arxivlər açılanda bunun uydurma afyorizm olması ortaya çıxdı. Dünyada ABŞ-ı sevməyənlərin uydurduğu bir sürü belə zərb-məsəllər var. Məsələn, elə Ukrayna savaşı başlayandan ruspərəstlər hər yerdə ABŞ dövlət katibi Madlen Olbraytın adından bu cür uydurma yaymaqdadırlar: “Sibir çox böyükdür, onun təbii ehtiyatlarını təkcə ruslar istifadə etməli deyil”. Olbraytın belə söz deməsi heç bir mənbə ilə isbata yetməmişdir. 

Bu araşdırmanı yazarkən Orteqanın şəkli təzədən gözümün qabağına gəldi və qəfil ağlıma gəldi ki, Orteqa bizim Razi müəllimə çox oxşayırmış. Deməli Amerika qitəsində məskunlaşan tayfaların tərəkəmə kökənli olması versiyası hardasa düzmüş. 

Qayıdaq seçkilərə, daha doğrusu, qayıtmayaq, çünki mən qərara gəlmişəm siyasətə qarışmayım. Siyasət çirkin işdir. Qoy onunla xalqımızın xidmətçiləri məşğul olsun. Bu cür lütfkarlıqları üçün onlara dərindən minnətdarıq, güman edirik heç olmazsa bu dəfə Hacı Madərin yerinə kimisə seçərlər. Çünki uzun illər xalq yolunda can qoyan Madər müəllim bu aralar rəhmətə getmişdir. Yazdım ki, bəlkə Məzahir müəllim bunu bilmir, ya da unudubdur. 

Yox, əgər məsləhət olsa ki, yenə bizim dairənin deputatı Madər müəllim olmalıdır, buna da hər hansı etirazımız yoxdur. 

Sonda Avropa çempionatında İspaniya-İtaliya oyununa baxıb məyus olduğumu açıqlayıram. Mən İtaliyaya azarkeşlik edirdim, lakin bu komanda 90 dəqiqə ərzində qapı çərçivəsinə gedən neçə zərbə vurdu, bilirsinizmi? 1 dənə! Və anekdot budur ki, bu komanda keçən dəfəki Avropa çempionuymuş. Gör COVİD pandemiyası vaxtı planetdə necə yiyəsizlik imiş... 

Yiyəsizlik pis şeydir. 






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
72
musavat.com

1Sources