EN

Paytaxtda növbəti ümumşəhər iməciliyi keçirilib VİDEO

Bakı, 22 iyun, AZƏRTAC

Şəhərimizin sanitar təmizliyik səviyyəsinin daha da yüksəldilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən iyunun 22-də paytaxtda növbəti genişmiqyaslı daxili ümumşəhər iməciliyi keçirilib.

BŞİH-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı Şəhər İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası səhər saatlarından əsas küçə və prospektlərin bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulmasını aparıb. İməcilik zamanı həm də məhəllədaxili və ara yollar da yuyulub. Xidmətin əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb.

Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına qoşulan ictimai-iaşə, ticarət və digər obyektlərin əməkdaşları da iməcilikdə yaxından iştirak edərək öz obyektlərinin vitrinlərini təmizləyib, ətrafında səliqə-sahman yaradıblar. Eyni zamanda, müəssisə, idarə və təşkilatların kollektivləri, şəhər sakinləri də bu iməcilikdə fəal şəkildə iştirak ediblər, sakinlər yaşadıqları mənzillərin pəncərələrini, binaların həyətini təmizləyiblər.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib və təbii gübrələr verilib. Bundan əlavə, şəhər sakinləri və paytaxtımızın qonaqlarının zövqünü oxşayacaq rəngbərəng güllər əkilir, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılır, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi aparılır.

Paytaxtın sanitar təmizliyinin lazımi səviyyədə saxlanılması və yaşıllıqların qorunması üçün tələb olunan bütün tədbirlər davam etdiriləcək.

Chosen
114
46
azertag.az

10Sources