EN

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib

İyunun 22-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda növbəti genişmiqyaslı daxili ümumşəhər iməciliyi keçirilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası səhər saatlarından əsas küçə və prospektlərin bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulmasını aparıb.

İməcilik zamanı məhəllədaxili və ara yollar da yuyulub. Xidmətin əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulmasını həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb.

Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına qoşulan ictimai-iaşə, ticarət və digər obyektlərin əməkdaşları da iməcilikdə yaxından iştirak edərək öz obyektlərinin vitrinlərini təmizləyib, ətrafında səliqə-sahman yaradıblar. Eyni zamanda müəssisə, idarə və təşkilatların kollektivləri, şəhər sakinləri də bu iməclikdə fəal şəkildə iştirak ediblər, sakinlər yaşadıqları mənzillərin pəncərələrini, binaların həyətini təmizləyiblər.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib və təbii gübrələr verilib. Eyni zamanda, şəhər sakinləri və paytaxtımızın qonaqlarının zövqünü oxşayacaq rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi aparılıb.    

Paytaxtın sanitar təmizliyinin lazımı səviyyədə saxlanılması və yaşıllıqların qorunması üçün tələb olunan bütün tədbirlər davam etdiriləcək.
www.anews.az
Chosen
109
46
anews.az

10Sources