EN

Günvurma zamanı nə etmək lazımdır? — AÇIQLAMA

Son zamanlar havaların isti keçməsi bir çoxlarının səhhətinə də mənfi təsir göstərir. İnsanlar adətən kondisionerin altında qalmaqla problemi həll etməyə çalışırlar, lakin bunun da öz fəsadları var.

Bəs, günvurma zamanı nə etməliyik?

News24.az bildirir ki, məsələylə bağlı terapevt Sübhan Hacıyev Demokrat.az-a açıqlamasında bildirib ki, günvurma çox ciddi hətta ölümlə nəticələnə bilən haldır:

“Günvurma və istivurma diaqnozları ilə təcili tibbi yardım təcrübəmizdə tez-tez rastlaşırıq. Əsas səbəb açıq havada insanların gəzməsi, xüsusilə günəşin ultrabənövşəyi şüalarında 30 dəqiqədən çox gəzmək, ətraf mühitin hərarətinin yüksək olması, bu zaman orqanizmdə termorequlyasiya mexanizmlərinin pozulması, yəni istilik əmələ gəlməsi ilə bədəndən istiliyin xaric olunması mexanizminin pozulması orqanizmə ciddi şəkildə təsir göstərir. Bu zaman pasiyentlərdə daha çox ürəkbulanma, başgicəllənmə, qusma, əzələ tutulmaları, əzginlik, ümumi halsızlıq müşahidə olunur. Günvurma çox ciddi hətta ölümlə nəticələnə bilən haldır. Bu vəziyyətdə ilkin tibbi yardımda hətta dəqiqələrin də önəmi var. Günvurma və istivurma ilk növbədə, mərkəzi sinir sisteminə, qan dövranına mənfi təsir göstərir. Orqanizmin uzun müddət tərləmə nəticəsində su-duz mübadiləsi pozulur, dövr edən qanın həcmi azalır, bədəndə mayenin həcmi azaldıqda tərləmə dayanır və orqanizm özünü lazımi qədər soyuda bilmir. Bədən hərarəti elə həddə çatır ki, beyin və digər vacib orqanlar fəaliyyət qabiliyyətini itirməyə başlayır. Bu zaman peşəkar tibbi yardımın olunmadığı, bədən hərarətinin azaldılmadığı təqdirdə insan orqanizmində psixonevroloji əlamətlər baş verir, bu da beyin ödəmi, qıcolma, koma, hətta ölümlə nəticələnə bilər. Belə hallarda təcili-tibbi yardım xidməti çağırmaq lazımdır.

Tibbi yardım gələnə qədər pasiyenti üst geyimlərindən azad etmək və sərin su içirtmək lazımdır. Bədən nəm, sərin suya batırılmış dəsmalla silinməlidir. Pasiyenti kölgədə, sərin olan otaqlarda saxlamaq lazımdır. Eyni zamanda boyuna, qolaltı nahiyələrə buzların qoyulması ümumi qan dövranının soyudulmasına gətirib çıxarır.

Günvurmadan qorunmaq üçün havaya uyğun geyinmək lazımdır. Açıq rəngli, pambıq geyimlərdən istifadə etmək məqsədəuyğundur. Çölə baş örtüyü ilə çıxmaq lazımdır. Gün ərzində çoxlu maye qəbul etmək vacibdir. Ani halsızlıq, başgicəllənmə hiss etdikdə sərin, kölgə olan yerə keçmək lazımdır”.


Chosen
102
1
news24.az

2Sources